BP-yə cəlb edilən əcnəbilərin Azərbaycanda işləmələrinə icazə verilməsi müzakirə edilib

Dövlət Miqrasiya Xidmətinin rəisi BP şirkətinin nümayəndə heyətini qəbul edib.
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xidmətin rəisi Firudin Nəbiyev BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qordon Birrellin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xidmət rəisi öncə Birrelli yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. BP şirkətinin neft sektorunun inkişafında mühüm rola malik olduğunu diqqətə çatdıran Nəbiyev şirkət tərəfindən görülən işlərə, bu sahədə əldə edilən nailiyyətlərə toxunub, Dövlət Mirasiya Xidməti və BP arasında qarşılıqlı əməkdaşlıqdan bəhs edib.
Birrell isə BP şirkətinin icra etdiyi layihələrdən danışaraq bildirib ki, bu layihələrin icrası üçün azərbaycanlı, eləcə də əcnəbi mütəxəssislər cəlb edilib. Qonaq bu sahədə Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlığın BP şirkəti üçün önəmli rol oynadığını vurğulayıb.
Görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq, eləcə də BP şirkətinə cəlb edilən əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları və yaşamaları üçün müvafiq icazələrin verilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO