BMT: Dəməşqdəki qaçqın düşərgəsini 100 minədək fələstinli tərk edib

Gərginliyin artması səbəbindən Dəməşq şəhərindəki “Yarmuk” qaçqın düşərgəsini 100 minədək fələstinli tərk edib. APA-nın məlumatına görə, bu barədə BMT-nin Fələstin qaçqınlarına yardım və işlərin təşkili üzrə Yaxın Şərq agentliyi xəbər verir. “İnsanlar kütləvi şəkildə düşərgəni tərk etməkdə davam edir”, deyə Cenevrədə jurnalistlərə agentliyin nümayəndəsi Layza Gilliam bildirib.
Düşərgəni tərk edən fələstinlilər Dəməşqin digər rayonlarında məskunlaşmağa çalışır və ya şəhərdən, yaxud, ümumiyyətlə, ölkədən getməyə can atır. “İnterfaks”ın xəbərinə görə, Fələstin qaçqınlarının əksəriyyəti Livana üz tutur.
Keçən həftənin sonuna olan məlumata görə, münaqişə başlanandan Suriyadan Livana 10 min fələstinli keçib. Son hadisələrdən sonra isə Suriya-Livan sərhədini daha 3 min insan keçib. Agentliyin proqnozuna görə, onların sayı 5 minə çatacaq.
Məlumat verildiyi kimi, son günlər “Yarmuk” fələstinli qaçqın düşərgəsində üsyançı və hökumət qüvvələri arasında şiddətli toqquşmalar baş verir, nəticədə dinc sakinlər arasında böyük itkilər qeydə alınır. Bu günlərdə KİV-lər düşərgənin “Azad Suriya ordusu”nun nəzarəti altına keçdiyi barədə məlumat verdi.
“Əl-Vətən” xəbər xidmətinin məlumatına görə, hal-hazırda düşərgə ətrafına hökumət qüvvələri və ağır texnika cəlb olunur. Məlumata əsasən, hərbçilər əməliyyatın başlanması barədə əmri gözləyir.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO