Bir əsrlik iftira

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Hər il aprelin 24-də olduğu kimi, bu gün də erməni lobbisinin aktiv olduğu bir çox ölkələrdə ənənəvi olaraq ermənilər tərəfindən qondarma “erməni soyqırımı”nın anım mərasimi keçirilir.

Digər tərəfdən, bu il “faciə”nin 99-cu ildönümü olduğundan erməni lobbisinin “soyqırım”ın miqyasının dünyaya çatdırılması üçün daha fəal olacağı da istisna edilmir.

Erməni lobbisinin ciddi səyləri nəticəsində dünyanın bəzi ölkələrində 1915-ci il hadisələri kortəbii, heç bir tarixi faktlara əsaslanmayaraq, soyqırımı kimi qəbul edilsə də, Ermənistan və erməni lobbisinin əsas hədəflərindən biri də hadisələrin Türkiyə tərəfindən soyqırım kimi qəbul edilməsidir.Təbii ki, Türkiyə hökuməti də bu il ermənilərin və erməni lobbisinin aktivliyini nəzərə alaraq, qabaqlayıcı tədbirlər həyata keçirəcək. Hətta Türkyənin XİN rəhbəri son olaraq verdiyi açıqlamada Ankaranın saxta “soyqırım” iddialarına qarşı hər cür addım atacağını da bildirdi.

Ankaranın atdığı belə addımlardan biri də dünən ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ilk dəfə “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat oldu. Ərdoğan açıqlamasında 1915-ci ilin Osmanlı dövlətində yaşayan türklər, ərəblər, kürdlər, ermənilər və digər millətlər üçün ağır dönəm olduğunu bildirdi.

Baş nazir onu da qeyd etdi ki, “soyqırım” iddiaları Türkiyə əleyhinə istifadə edilə bilməz və Ankaranın 1915-ci il hadisələrini araşdırması üçün təklif etdiyi ortaq tarixi komissiyanın qurulması hələ də gündəmdədir.

Verilən bəyanatdan sonra Türkiyə mətbuatında Ermənistanın “soyqırım” siyasətində yumşalma olacağı haqqında fikirlər səsləndirilsə də, Türkiyə rəsmiləri yaxşı bilirlər ki, erməni lobbisi “soyqırım” iddiasından əsla əl çəkən deyil.

Məhz bu səbəbdən də Ərdoğanın dünənki bəyanatının Ermənistana jest olmasına baxmayaraq, rəsmi Ankaranın qondarma “erməni soyqırımını” qəbul edəcəyi xəyaldan başqa bir şey deyil.

Maraqlı məqamlardan biri də rəsmi olaraq Ankaranın 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiyanın yaradılmasını təklif etməsinə baxmayaraq, Ermənistanın bu təklifə hələ də müsbət rəy bildirməməsidir.

Ermənistan və erməni lobbisinin Ankaranın bu təklifi qarşısında susması onu söyləməyə əsas verir ki, 1915-ci ildə ermənilərin Türkiyə ərazisində guya, “soyqırım”a məruz qalmaları iddia və iftiradan başqa bir şey deyil.

Ən azından ona görə ki, əgər belə bir fakt olsaydı, Ermənistan Türkiyənin təkliflərini çoxdan qəbul edərdi.

Lakin 1915-ci hadisələrini araşdırarkən ermənilərin iddialarının əksinə olaraq, Türkiyədə yerli müsəlmanlara qarşı ermənilərin bütün vasitələrlə etnik təmizləmə apardıqlarını görmək olar.

Hətta Türkiyə Baş nazirinin müavini Əmrullah İşlər verdiyi açıqlamada 1915-ci ildə erməni quldur dəstələrinin yerli türklər, ərəblər və kürdlərə qarşı soyqırım törətməsi barədə ciddi dəlillərin olduğunu bildirdi.

Rəsmi olaraq Yerevanın bu vaxta qədər Ankaranın təklifini qəbul etməməsinin səbəbinə gəlincə, ən başlıca səbəb kimi Ermənistan hakimiyyətinin müstəqil siyasət yürütmək iqtidarında olmadığını göstərmək olar. Birmənalı şəkildə demək olar ki, Ermənistan hakimiyyəti Türkiyəyə yönəlmiş siyasətində dünyadakı erməni lobbisindən asılı vəziyyətdədir.

Türkiyə arxivlərinin açılması ortaq tarixi komissiyanın yaradılması isə qondarma “soyqırım” iddialarından yararlanan erməni lobbisinin mahiyyətini anlamsız edəcək.

Əslində isə erməni lobbisinin hədəfi Türkiyə ilə Ermənistan arasındakı gərgin münasibətlərdən faydalanaraq nəyin bahasına olursa olsun, xüsusən də Türkiyəyə torpaq və saxta “soyqırım” iddiası ilə “ayaqda qalmaqdır”.

Məhz “soyqırım” və torpaq iddiası erməni lobbisinin fəaliyyəti üçün ən önəmli amillərdən biridir. Bu isə heç şübhəsiz ki, iqtisadi böhran içində boğulan və heç bir ciddi iqtisadi potensiala sahib olmayan Ermənistan üçün ciddi maliyyə dəstəyinin itirilməsi deməkdir.

Digər tərəfdən təcrübə göstərir ki, Ermənistanın və erməni lobbisinin hər il gündəmə gətirdiyi saxta “soyqırım”ın bir çox ölkələrdə, xüsusən də ABŞ-da yalnız və yalnız seçkiqabağı reytinq qazanmaq üçün və Ankaraya təzyiq vasitəsi kimi istifadə edilən alət olduğunu söyləmək olar.

Uzun illərdən bəri Türkiyə üçün başağrısına çevrilən “erməni soyqırımı”ndan Ankaranın yaxa qurtaracağı inandırıcı deyil. Lakin bu gün Ankara ilə ABŞ arasında bir çox sahələrdə olan müttəfiqlik nəzərə alınsa, ABŞ-ın Türkiyə kimi dəyərli müttəfiqini heç bir tarixi fakta əsaslanmayan “soyqırım” iddiasına görə itirmək istəməyəcəyini söyləmək olar.

Bu gün Ermənistan və erməni lobbisinin qəbul edə bilmədiyi bir reallıq var. Bu reallıq isə ondan ibarətdir ki, bir əsrlik iftira olan saxta “soyqırım” məsələsindən hər zaman böyük dövlətlər ermənilərin gələcəyi ilə bağlı ticarət obyekti kimi istifadə edirlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO