Baş nazir: Norveç və Azərbaycan Avropa və digər ölkələrə uzunmüddətli və etibarlı enerji təchizatçılarıdır

Norveç və Azərbaycan Avropa və digər ölkələrə uzunmüddətli, etibarlı və stabil enerji təchizatçılarıdır. Trend-in məlumatına görə, bu barədə Norveçin Baş Naziri Erna Solberqin XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir.

Baş nazir XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin keçirilməsi münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib və minnətdarlığını bildirib.

Baş nazir qeyd edib ki, Xəzər regionu dünyanın enerji bazarları üçün çox vacibdir.

E.Solberq bildirib ki, Azərbaycan özünü etibarlı tərəfdaş, istehsalçı və ixracatçı kimi artıq sübut edib və uzun müddətdir bu sahədə liderdir: “Təxminən 20 il bundan öncə, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Bu, çox mühüm bir qərar idi. 2013-cü ilin dekabrında isə “Şahdəniz 2” layihəsi üzrə yekun investisiya qərarı qəbul olundu. Bu isə Avropaya yeni bir “Cənub Qaz Dəhlizi” açacaq”.

E.Solberq Norveçin Statoil şirkətinin Azərbaycanda fəaliyyətinə də toxunub və bildirib ki, sözügedən şirkət bu mühüm qərarda iştirak edib: “Mən bir neçə Norveç şirkətinin Azərbaycanın neft və qaz sənayesinin inkişafında fəal iştirakına çox şadam. Həmçinin Azərbaycan ilə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində əməkdaşlıqdan məmnunluq duyuram”.

Onun sözlərinə görə, korporativ sosial məsuliyyətin əhəmiyyəti artır: “Dövlət, özəl sənaye və vətəndaş cəmiyyəti – hamısı davamlı inkişaf və rifahın formalaşmasında mühüm rol oynayır”.

Baş nazir həmçinin vurğulayıb ki, Azərbaycan və Norveç arasında diplomatik əlaqələrin qurulmasının 22-ci ili qeyd olunacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO