Bakıda növbəti möhtəşəm bina

Hazırda Bakıdakı Dəniz Vağzalı yaxınlığında «Aypara Sarayı» (Crescent Palace), «Aypara şəhərciyi» (Crescent City) və «Aypara oteli»indən (Crescent Otel) ibarət iri kompleks tikilir. Bu barədə məlumatı tikinti işlərini həyata keçirən podratçı – «İlk İnşaat Taah. San. ve Tic. A.Ş» şirkətinin (Türkiyə) satınalmalar üzrə mütəxəssisi Özgür Yazıcı məlumat verib.

Onun sözlərinə görə, bu layihə həmin ərazidə yaşayış kompleksi, ən hündür mərtəbəli otel və iri ticarət mərkəzinin inşasını nəzərdə tutur: «Artıq bu günə qədər «Aypara Sarayı»nın tikinti işlərinin bir qismi yekunlaşıb».

Qeyd edək ki, artıq tikintisinə başlanılan «Aypara Sarayı»nın hündürlüyü 57,2 metr təşkil edəcək. Bu bina 32 mərtəbədən ibarət olacaq və burada 128 modern yaşayış mənzili yerləşəcək. «Aypara oteli»nin hündürlüyü isə 166,6 metr olacaq. Otel binasının 36 mərtəbəli olması nəzərdə tutulub. Bu layihədə ən yüksək mərtəbəli bina isə «Aypara şəhərciyi» olacaq – 203,8 metr. Bu bina 41 mərtəbəli olacaq və burada yalnız ofislər yerləşəcək.

Türkiyə şirkətinin nümayəndəsi «Aypara» kompleksində geniş yaşıllıq sahələrinin də salınacağını vurğulayıb.

Ö.Yazıcı bildirib ki, «Aypara Sarayı»nın 2015-ci ilin yanvar ayında, «Aypara şəhərciyi»nin isə 2015-ci ilin may ayında təhvil verilməsi planlaşdırılır. «Aypara oteli»nin tikinti işlərinin isə bitmə tarixi hələ dəqiqləşdirilməyib. Həmçinin, hazırda bu binalar üçün satış qiymətləri müəyyənləşdirilməyib.

Qeyd edək ki, «İlk İnşaat Taah. San. ve Tic. A. Ş.» şirkəti quru, dəniz, neft və qaz kompleksləri, yaşayış, xəstəxana və təhsil binaları, fabrik, yol, körpü, liman tikintisi kimi müxtəlif sahələrdə inşaat işlərini həyata keçirir. Şirkət Türkiyə, Azərbaycan, Rusiya, Malayziya, BƏƏ və Türkmənistanda fəaliyyət göstərir. Hazırda şirkət Türkiyə, Azərbaycan, Rusiya və Türkmənistanda ümumi dəyəri 777 mln. ABŞ dolları olan layihələr həyata keçirir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO