Bakıda beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısı öz işinə başlayıb

Bu gün Bakıda beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısı öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirdə BMT sisteminə daxil olan təşkilatlarda, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı və digər qurumların müxtəlif ölkələrdə yerləşən ofislərində işləyən 50-yə yaxın Azərbaycan vətəndaşı iştirak edir.

Tədbirin məqsədi beynəlxalq səviyyədə iş təcrübəsinə malik olan Azərbaycan vətəndaşlarının ölkənin inkişafı prosesində daha da fəal iştirakını təmin etmək məqsədilə onları birləşdirəcək vahid mərkəzin yaradılması və sistemli yanaşmanın formalaşdırılmasından ibarətdir.

Tədbirdə beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşları haqqında müfəssəl məlumatların toplanılması yolu ilə onlar haqqında vahid məlumat bazasının yaradılması; vətəndaşların bu qrupu arasında daimi əlaqələndirmə mexanizmlərinin hazırlanması və tətbiqi və digər məsələlər müzakirə olunur.

Toplantıda “Beynəlxalq təşkilatlarda fəaliyyət göstərən azərbaycanlı kadrlarla bağlı mövcud vəziyyət və gələcək inkişaf perspektivləri” mövzusuna həsr olunan plenar iclasda Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov çıxış edib. O çıxışında beynəlxalq münasibətlər sistemində beynəlxalq təşkilatların rolundan, beynəlxalq aləmdə baş verən geosiyasi proseslərdən, Azərbaycanın müstəqil dövlət kimi bu sistemdəki yerindən danışıb və dövlət başçısının bu cür təşəbbüslərə hər zaman dəstək verdiyini deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO