Bakıda Xəzərdə balıq ovu kvotasının mənimsənilməsi, süni balıqartırma məsələləri müzakirə edilir

Bakıda çərşənbə günü Xəzərin Su Bioresursları Komissiyasının 33-cü iclası keçirilir. Trend-in məlumatına görə, iclasda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin rəhbər nümayəndə heyətləri iştirak edir.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, Xəzəryanı dövlətlərin başçılarının 18 noyabr 2010-cu ildə Bakıda keçirilmiş sammitində Qazaxıstan Prezidentinin irəli sürdüyü nərə cinsli balıqların sənaye ovuna qadağa qoyulması təklifi prezidentlər tərəfindən bəyənilib. Onun sözlərinə görə, bu təklifi həyata keçirmək məqsədilə “Xəzər dənizində nərə cinsli balıqların ehtiyyatlarının qorunması barədə” Rusiya tərəfindən təklif edilmiş saziş layihəsi müzakirəyə çıxarılacaq.

İranın “Şilatın” balıqçılıq və liman şöbəsinin rəhbəri Əli Əsgər Möcahedi iclasda bildirib ki, beş Xəzəryanı ölkənin əməkdaşlığı qarşıya çıxan problemlərin həllinə şərait yarada bilər.
Onun sözlərinə görə, bu günki tədbirin məqsədi Xəzərin bioresurslarından səmərəli istifadə üzrə əməkdaşlığın koordinasiya olunmasından ibarətdir. Xəzərdə nərəkimilərin azaldığını qeyd edən Möcahedi vurğulayıb ki, İran nəsli kəsilən balıqların bərpa olunmasında səylərini artırır.

Qazaxıstanın Balıq təsərrüfatı komitəsinin sədr müavini Nariman Junusov isə çıxışında Qazaxıstanın bu sahədə gördüyü işlər barədə məlumat verib. O bildirib ki, Qazaxstanda artıq nərə balıqlarının sənaye məqsədi ilə ovuna qadağalar qoyulur və bu əməlləri edənlər 3 ilədək azadlıqdan məhrumetmə və əmlakın müsadirə olunması ilə cəzalandırılırlar. Junusovun sözlərinə görə, təkcə 2012-ci ildə Qazaxıstan tərəfindən 2,7 ton nərə nalığı emal olunub.

Rusiya nümayəndə heyətinin üzvü, “Xəzər BTETİ” FDUM-nin baş direktorunun müavini Valeri Paltsev bildirib ki, Rusiya tərəfindən balıq ehtiyatlarının qorunması və artırılması ilə bağlı silsilə tədbirlər həyata keçirir. Onun sözlərinə görə, Rusiyada qəbul olunan proqrama əsasən, 2020-ci ilədək kompleks tədbirləri əhatə edən işlər görüləcək.

Türkmənistanın nümayəndə heyətinin rəhbəri, Balıq təssərrüfatı Dövlət Komitəsinin şöbə rəisi O.Miradov iclasda qeyd edib ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün beş Xəzəryanı ölkənin birgə səylərinə ehtiyac var.

İclasın gündəliyinə əsasən, toplantıda balıq ovu kvotasının mənimsənilməsi, süni balıqartırma və balıq ehtiyatlarının mühafizəsi üzrə 2011-2012-ci illərdə görülən işlər barədə məlumat verilir. İclasda dəniz ekspedisiyalarının və elmi-tədqiqat işlərinin nəticələrinə əsasən, balıq ehtiyatlarının müasir vəziyyəti barədə hesabatlar təqdim olunacaq, o cümlədən 2013-cü il üçün Xəzər dənizində su bioresurslarının ümumi ovunun həddi və onun milli kvotalara bölünməsi məsələsinə baxılacaq.

İclasda Xəzəryanı dövlətlərin rəsmiləri müxtəlif təkliflərlə çıxış ediblər. Habelə iclasda Türkmənistan tərəfindən irəli sürülmüş “Xəzər dənizinin su bioresurslarının qorunması və ehtiyatlarından səmərəli istifadə edilməsi” barədə sazişin layihəsi müzakirə olunub.

Qeyd edək ki, iclas aprelin 25-də başa çatacaq. Növbəti iki ildə sədrlik komissiyanın nizamnaməsinə uyğun olaraq rotasiya qaydasında Rusiya Federasiyasına keçəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO