Bakıda məscidin sökülməsi ilə bağlı məhkəmə araşdırması yekunlaşıb

Bakıda “Fatimeyi Zəhra” məscidinin sökülməsi ilə bağlı məhkəmə araşdırması başa çatıb. Suraxanı Rayon İcra Hakimiyyəti rayon ərazisindəki Yeni Günəşli qəsəbəsi, V massivi, 33 ünvanında yerləşən “Fatimeyi Zəhra” məscidinin sökülməsi ilə bağlı 2 saylı Yerli İqtisad Məhkəməsinə iddia ilə müraciət edib. “Fatimeyi Zəhra” dini icmasının nümayəndəsi, vəkil Rövşən Şirəliyev cümə günü Trend News-a bildirib ki, məhkəmə iddia ilə bağlı araşdırmaları yekunlaşdırıb və avqustun 31-də yekun qətnaməni elan edəcək.

Trend News-un arayışı: Suraxanı Rayon İcra Hakimiyyəti məscidin inşa olunduğu torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə onlara verildiyini və məscidin qanunsuz tikildiyini əsas gətirərək onun və ərazidəki yardımçı tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət edib. “Fatimeyi Zəhra” məscidinin tikintisi Rayon İcra Hakimiyyəti tərəfindən dayandırılıb. “Fatimeyi Zəhra” dini icmasının üzvləri isə məscidə buraxılmır.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1996-cı il tarixli sərəncamı ilə Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidinin tikintisi üçün 1 hektar 30 sot torpaq sahəsi ayrılıb. Tikintinin aparılması üçün müvafiq sənədlər isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanıb. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, həmin torpaq sahəsinin uzun müddət istifadə olunmadığına görə, 2002-ci ilin sonunda sərəncamın ləğv olunması və torpaq sahəsinin Suraxanı Rayon İcra Hakimiyyətinə idman və əyləncə kompleksinin tikintisi üçün ayrılması barədə sərəncam verib.

Həmin sərəncamdan sonra icmanın üzvləri Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovla görüşüb və o, həmin sərəncamın səhvən verildiyini və tikintinin aparılması üçün narahatlıq olmadığını bildirib. Bu il Suraxanı Rayon İcra Hakimiyyəti həmin torpaq sahəsinin onlara ayrıldığını əsas gətirərək məhkəməyə müraciət edib. Bakı Şəhər İcra Hakimiyyəti üçüncü tərəf kimi prosesə cəlb olunub. Məhkəmə dini icmanın qarşılıqlı iddiasını da icraata qəbul edib. Dini icma Bakı Şəhər İcra Hakimiyyətinin 2002-ci il tarixli sərəncamının ləğvini və Suraxanı Rayon İcra Hakimiyyətinin qanunsuz müdaxiləsinin qarşısının alınmasını tələb edir.

Son bir ildə Bakıda qanunsuz tikildiyi əsas gətirilərək Məhəmməd Peyğəmbər məscidi, Neft Daşlarındakı məscid sökülüb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO