Bakı,Abşeron yarımadasında müvəqqəti məskunlaşan məcburi köçkünlər köçürüləcək

Bu gün Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində ayrılmış 500 hektar torpaq sahəsində salınacaq yeni Qobu şəhər yaşayış massivinin layihələndirilməsi ilə bağlı müşavirə keçirilib.

Trend-in məlumatına görə, müşavirəni giriş sözü ilə açan Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov son illər ərzində qaçqın və məcburi köçkünlərin yaşayış və sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söhbət açıb.

O qeyd edib ki, hazırda Bakı, Sumqayıt və Abşeron yarımadası ərazisində ümumilikdə 300 mindən çox məcburi köçkün yaşayır və yaxın 2-4 il ərzində Bakı, Sumqayıt və Abşeron yarımadasında müvəqqəti məskunlaşan bütün məcburi köçkünlər Abşeron rayonunda, Qobu bələdiyyəsinin ərazisində ayrılmış yeni böyük yaşayış massivinə köçürüləcəklər.

Həsənov bildirib ki, hazırda Müşfiqabad və Masazırda tikilən yeni yaşayış massivlərinə 2200 ailənin köçürülməsi prosesi davam edir.

Həsənov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərə daim diqqət və qayğı göstərir və son 3 ayda 3 yeni müasir qəsəbənin açılışında iştirak edib. Bütün bu qəsəbələr ən yüksək keyffiyyətlə tikilib. Bu il də ölkənin 7-8 rayonunda yeni qəsəbələr tikilir. Gəncədə 500 yerlik müasir tələblərə cavab verən mədəniyyət sarayı da tikilməkdədir.
Daha sonra “Azərinşaatlayihə” Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev Qobu şəhər yaşayış massivinin layihəsi haqqında ətraflı məlumat verib. O qeyd edib ki, yeni yaşayış massivi 90 min məcburi köçkün üçün nəzərdə tutulub ki, bu da ümumilikdə 20434 ailə deməkdir. Nağıyevin sözlərinə görə, yeni yaşayış massivi də 10 kiçik yaşayış massivlərinə bölünəcək.

O qeyd edib ki, yeni yaşayış massivində yüngül sənaye və yeyinti müəssiləri də tikiləcək. Onun sözlərinə görə, yeni qəsəbədə ümumilikdə 204 ədəd yaşayış binası, 10 məktəb, 10 uşaq bağcası və digər ictimai obyektlər inşa olunacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO