Bakı yol polisi əhaliyə müraciət etdi


Bu gündən etibarən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində “Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsinə start verib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
“Məhz bu məqsədlə əhalinin diqqətini bu tədbirə cəlb etmək və həmrəylik rəmzi olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinə gündüz vaxtı da yaxın işıq faralarından istifadə etmələrini tövsiyyə edir”, Əsədov qeyd edib.
Bölmə rəisinin sözlərinə görə, belə bir aylığın keçirilməsində məqsəd təhlükəsizlik tədbirlərini gücləndirilmək, keçiriləcək profilaktik tədbirlərin səmərəliliyini yüksəltmək və yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.
Aylıq çərçivəsində hadisələrin baş verməsi səbəbləri, yol-nəqliyyat hadisəsi situasiyaları, onların qiymətləndirilməsi, vəziyyətə uyğun hərəkət edilməsi, hərəkət iştirakçıları arasında nizam-intizamın yüksəldilməsi, ən vacibi isə hərəkət iştirakçılarının yollarda qarşılıqlı güzəştə getmələri və s. mövzularda KİV vasitəsilə ətraflı izahat işlərinin aparılması nəzərdə tutulur.
Bundan əlavə xüsusilə təhsil müsəssisələri, eləcə də işçilərinin sayı çox olan iri müəssisə və təşkilatların yerləşdiyi ərazilər, xüsusi təyinatlı avtomobil yollarının keçdiyi yaşayış məntəqələrində yol şəraitinə uyğun geniş izahat işləri aparılacaq.
“Hər halda bu aylıq çərçivəsində ictimai nəqliyyat vasitələrinin dayanmasına, durmasına, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə avtomobillərin saxlanmasına, həmçinin dayanma, durma, parklanma qaydalarının pozulmasına, əhali arasında “qoşa xətt” kimi tanınan üfüqi nişanlanma xəttini kəsməklə əks itiqamətli yol zolağına çıxma, yol ayrıclarının keçmə qaydalarının pozulmasına, sürət həddinin aşılmasına, səs siqnallarından lüzumsuz olaraq çoxavazlı, yüksək tonlu, səsi artırıb-azaldan siren və musiqi səsli siqnallardan istifadə edilməsinə, təhlükəsizlik kəmərindən istifadəyə üstünlük verilməsinə, idarə olunan nəqliyyat vasitəsinin xarici görünüşünün təmiz saxlanılmasına, dövlət nömrə nişanlarının görünməsinə, sərnişin daşıma qaydalarının pozulmasına və digər törədilən xətalara qarşı diqqət artırılıb və bu istiqamətdə aprel ayı ərzində müəyyən işlər aparılacaq,” – deyə Əsədov vurğulayıb.
Qeyd edək ki, “Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!” adı altında hərəkətin təhlükəsizliyi aylığı aprel ayının 30-dək davam edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO