Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Böyük Britaniyanın Edinburq şəhərində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Heriot-Vatt Universitetinin rektoru professor Stiv Çapman hər iki ali təhsil müəssisəsi arasında 2013-2017-ci illər ərzində birgə mütəxəssis hazırlığı üzrə əməkdaşlıq haqqında razılaşma imzalayıblar.
Bakı Ali Neft Məktəbinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, razılaşmanın məqsədi Bakı Ali Neft Məktəbində Heriot-Vatt Universitetinin təklif etdiyi tədris proqramları əsasında “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığını təşkil etməkdir.
Razılaşmanın şərtlərinə görə, tədris proqramlarının Bakı Ali Neft Məktəbində tətbiqi 5 il müddətində Heriot-Vatt Universitetinin tədrisi idarəetmə strukturlarının nəzarəti və pedaqoji heyətinin iştirakı ilə həyata keçiriləcək. Onlar tədrisin informasiya və metodiki təminatını, tədris prosesinin təşkilinə və biliklərin qiymətləndirilməsinə tam nəzarəti həyata keçirəcəklər. Bu məqsədlə Bakı Ali Neft Məktəbində daim işləmək üçün proqram meneceri və tədrisin təşkilində, biliklərin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək üçün xüsusən yaradılmış keyfiyyətin təminatı şöbəsinin rəhbəri dəvət ediləcək.
Tədris prosesinin gedişində aralıq monitorinqlər hər iki ali məktəbin əməkdaşları tərəfindən birgə, semestr imtahanları isə Heriot-Vatt Universitetinin əməkdaşları tərəfindən keçiriləcək. Bu yolla pedaqoji heyətin tədrisdə, tələbələrin isə təhsildə motivasiyasının gücləndirilməsi təmin olunacaq.
Razılaşmada təlim-tədris prosesində tələbələrin idarəetmədə iştirakı, rüşvətxorluğun, korrupsiyanın və saxtakarlığın qarşısının alınması, sağlamlığın və təhlükəsizliyin təmin olunması kimi məsələlər də öz əksini tapıb.
Razılaşma çərçivəsində Bakı Ali Neft Məktəbində tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi və s. proseslər Heriot-Vatt Universitetinin tələblərinə müvafiq həyata keçiriləcək və sözügedən proqramlar üzrə 2013-2017-ci illər ərzində bakalavriatda təhsil almış məzunlara Heriot-Vatt Universitetinin və Bakı Ali Neft Məktəbinin diplomları veriləcək.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun sözlərinə görə, belə yanaşma Azərbaycanda mühəndis kadrları hazırlayan müasir tipli ali təhsil müəssisəsinin yaradılmasının ən səmərəli yoludur, çünki bu, cəmiyyətimizin sosial sifarişinə tamamilə cavab verir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO