Baş Prokurorluq bu il baş verən korrupsiya cinayətləri barədə məlumat açıqlayıb

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 3-cü Bakı su kəmərinin Xaçmaz rayonu ərazisindən keçən hissəsinin “Sumqayıt Tikinti Quraşdırma-2” Açıq Səhmdar Cəmiyyətin və “Vaqif-Metal” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsləri tərəfindən demontaj olunaraq naməlum istiqamətdə aparılmasına dair toplanmış material üzrə cinayət işi başlanılıb istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, “Vaqif Metal” MMC-nin icraçı direktoru Namiq Qasımov və “Sumqayıt Tikinti Quraşdırma-2” ASC-nin sədri Hüseyn Qasımov qabaqcadan əlbir olub qulluq mövqelərindən istifadə etməklə guya “Sumqayıt Tikinti Quraşdırma-2” ASC-nin mülkiyyətində olan Ağçay, Qaraçay və Zaqacuq çaylarının üzərindən keçən dükerlərin metal konstruksiyalarının çıxarılması, kəsilməsi, yüklənməsi, daşınması və satılması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənəd olan podrat müqaviləsi bağlayıblar.

Onlar eləcə də həmin müqaviləyə əsaslanaraq digər rəsmi sənədlər tərtib etməklə, vəzifə saxtakarlığı ediblər.
Onlar həmin saxta sənədlərdən istifadə edib, 2011-ci ilin mart-may aylarında 3-cü Bakı su kəmərinin Xaçmaz rayonu ərazisində Ağçay üzərindən keçən, açıq sahədə yerləşən dükerin ümumi çəkisi 140 ton 103 kiloqram olan metal konstruksiyaları ağır texnika və xüsusi avadanlıqdan istifadə etməklə yerindən söküb çıxararaq, qara metal kimi orta bazar dəyəri 9,8 min manat təşkil edən külli miqdarda əmlakı aldatma yolu ilə ələ keçirməklə dələduzluq ediblər.
Namiq Qasımov və Hüseyn Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Poçt xidmətlərindən əldə olunan vəsaitlərin talanması faktına görə İdarədə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda özgə əmlakını mənimsəmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, Faxrəddin Bağırov Gəncə Regional Poçt Filialının Müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində işləyərkən özgə əmlakını talama məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə gündəlik poçt xidmətlərindən əldə olunan ümumilikdə 6,9 min manat məbləğində pulu aylıq hesabatlara az mədaxil etməklə mənimsəyib.

Həmçinin 31 dekabr 2010-cu il tarixdə limitdən artıq valyuta kimi kompüterlə elektron variantda Müştəri Xidmətləri şöbəsindən poçt filialının Baş Xəzinəsinə göndərməsinə baxmayaraq, Baş Xəzinəyə təhvil vermədiyi 10,8 min ABŞ dollarını, eləcə də Müştəri Xidmətləri şöbəsinin xəzinəsindən 516 ABŞ dollarını, 14,6 min manat nağd pulu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahan kartları, telefon aparatı, “Tale açarı” lotereyası və AZTİT kartlarından ibarət ümumilikdə 3,7 min manat dəyərində digər maddi qiymətliləri götürüb ona etibar edilmiş cəmi 11,4 min ABŞ dolları və 25,2 min manat məbləğində özgə əmlakını mənimsəmə yolu ilə talayıb.

Faxrəddin Bağırova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

2011-ci ilin yanvar-noyabr ayları ərzində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 211 şəxs barəsində 128 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Bu cinayətlər əsasən rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma və sair faktlarla əlaqədar olub.

Hazırda idarə tərəfindən müxtəlif sahələr üzrə korrupsiya hüquqpozmaları ilə əlaqədar 83 cinayət işinin istintaqı davam etdirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO