Bu gün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 161-ci kilometrində, Ağçay çayı üzərində tikilən yeni körpünü istismara verib. Bu barədə bazar ertəsi Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Körpünün açılış mərasimində ASC-nin sədr müavini Şaiq Bilalov, həmçinin Quba rayon İcra Hakimiyyətinin və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Körpünün uzunluğu 84 metr, eni isə 21,5 metrdir. Körpü 4 zolaqdan ibarətdir. Körpü qəza vəziyyətinə düşən köhnə körpünün yerinə tikilib. Bu səbəbdən yeni müasir körpünün tikilməsi barədə qərar qəbul edilmişdi.