Azərbaycanda mənzillərə ünvan verilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsi və Aqrar komitəsində iclaslar keçirilib.
Milli Məclisin Regional məsələlər komitəsinin cümə günü keçirilən iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunda dəyişikliklər müzakirəyə çıxarılıb.
Aqrar siyasət komitənin iclasında Torpaq Məcəlləsinə əlavələr müzakirəyə çıxarılıb. Komitə sədri Eldar İbrahimov deyib ki, dəyişikliyə əsasən, çoxmənzilli binaların, fərdi yaşayış yerlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektlərinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektlərinə çıxışı olan torpaq sahələrinə və onların üzərindəki qurğulara ünvan verilir. Bu komitədə də layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Regional məsələlər komitəsinin iclasında isə komitə sədri Arif Rəhimzadə bildirib ki, qanunvericiliyə təklif olunan dəyişikliyə əsasən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi, dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı üç gün ərzində məlumatlandırılmalıdır.
Dəyişiklik bəzi küçə və meydanların adlandırılması zamanı məlumatsızlıqdan yaranan təkrarçılığı aradan qaldırılacaq. İclasda bir müddət əvvəl Ərçivan kəndinin qəsəbə statusu alması ilə bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş bələdiyyələrin siyahısında dəyişikliklər olunmasına da baxıldı. Müzakirələrdən sonra dəyişikliklər vacib sayılıb və Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə olunub.