Azərbaycanda hər bir vətəndaş qanunların qəbulunda pay sahibi ola biləcək

Milli Məclisdə “İctimai iştirakçılıq haqqında” qanun layhəsi qəbul ediləcək. Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

Komitə sədrinin sözlərinə görə, bu il parlamentin yaz sessiyası dövründə 16 qanun layihəsinin qəbulu və eləcə də müxtəlif qanunvericilk aktlarına dəyişikliyin müzakirəyə çıxarılacağı, o cümlədən bir sıra beynəlxalq konvensiyaların ratifikasiyası gözlənilir. Onların arasında “İctimai iştirakçılıq haqında” qanun layihəsi də var.

Aslanova deyib ki, belə bir qanunun qəbul edilməsi ilə bu gün cəmiyyətin idarə olunmasında kollektiv fəaliyyət ortaya qoyulacaq.

“Bu, çox önəmlidir. Məsələn, “qanun mənim üçün qəbul edilir” yox, “mən də o qanunun qəbul edilməsində öz təklifimi, öz fikrimi ortaya qoymuşam” ifadəsi işlədilməlidir. O zaman məsuliyyət də bərabər bölünür. Hakimiyyətin hər 3 qolu ayrı-ayrılıqda fəaliyyət göstərən qurumlar deyil. Onların fəaliyyətində birlik var. Ona görə də vətəndaş bilməlidir ki, bu dövlət “hər şey onun üçün” prinsipi ilə yaşayır. Bu baxımdan vətəndaş bilməlidir ki, o baş verən hadisələrə seyrçi münasibət bəsləməməli, gedən proseslərdə özü də fəal iştirak etməlidir. Nə baş verəcək, necə baş verəcək, qanun qəbul edilir, edilmir, ona münasibət nədir kimi passiv yanaşma var. Bütün bunları aradan götürmək üçün “İctimai iştirakçılıq haqqında” qanun qəbul ediləcək”, – komitə sədri bildirib.

Deputat hesab edir ki, bu gün ayrı-ayrı qanunların ortaya çıxmasında cəmiyyətin, ictimiayyətin, qeyri-hökumət təşkilatlarının iştirakı, yəni cəmiyyətdə baş verən proseslərin tənzimlənməsində, qərarların qəbulunda özməsuliyyətini dərk edən hər bir insanın iştirakı lazımdır. Bu ictimai iştirakçılıq vətəndaş fəallığını ortaya qoya bilən məqam olacaq.

Ayrı-ayrı QHT-lər, birliklər toplanaraq öz fikirlərini, mülahizə və təkliflərini ortaya qoyacaq və bunu həm cəmiyyətə, həm qanunverici orqana çatdıracaqlar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO