Azərbaycanda bəzi institut direktorları müdafiəyə keyfiyyətsiz dissertasiyalar buraxmaqda günahlandırıldı

“Çox təəssüflər olsun ki, bəzi institut direktorları onlara verilən Müdafiə Şuralarının məsuliyyətini yaxşı başa düşmürlər. Onlar bu işə barmaqarası yanaşırlar, müdafiəyə keyfiyyətsiz dissertasiyalar buraxırlar. Bəzən konfliktlər yaradırlar”, Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bölmənin 2012-ci il üzrə hesabatına həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, bəzən yaranmış konfliktlər nəticəsində AMEA-nın Biologiya elmləri üzrə Müdafiə şuralarının onlardan alınaraq başqa müəssisələrə verilməsi məsələsi ortaya çıxır.

Akademik katib deyib ki, hər bir elmi tədqiqat müəssisəsinin rəhbəri bilməlidir ki, həmin müəssisələrin nüfuz reytinqi oradakı Müdafiə şuralarından çox asılıdır. Ona görə də bu işə çox ciddi yanaşmalıdırlar.

Əmiraslanovun sözlərinə görə, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində doktoranturaya plan yerlərinin xeyli hissəsi boş qalıb. Onun sözlərinə görə, bu sahədə böyük problemlər var.

“Biologiya elmləri üzrə institutlar bu yerləri elan edirlər. Lakin sonradan həmin yerlər tutulmur”, – Əmiraslanov əlavə edib.

O qeyd edib ki, belə halların olmaması üçün hər bir institut doktorantura üçün plan yerləri sifariş edəndə həmin yerləri tuta biləcək namizədlərinin olub-olmadığını bilməlidir. Bunun üçün isə namizədlərdə maraq oyatmaq lazımdır.

“Bu sahələr üzrə institutlara gənclərin marağını artırmaq üçün nə isə fikirləşmək lazımdır. Belə getsə, ilbəil bu sahədə doktoranturaya qəbul olanların sayı azalacaq. Mənə elə gəlir ki, bu, çox böyük problem yaradacaq”, – Əmiraslanov bildirib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO