Azərbaycanda aztəminatlı ailələrə pulsuz hüquqi yardım göstərilməsinin yolları araşdırılır

Azərbaycanda aztəminatlı ailələrə pulsuz hüquqi yardım göstərilməsinin yolları araşdırılır Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvü, vəkil Anar Bağırov bildirib ki, qanun layihəsinin hazırlanması məqsədilə ötən ilin sonunda Konfederasiyanın və “Azərbaycan Hüquqi İslahatlar Mərkəzi” İctimai Birliyinin birgə işçi qrup yaradılıb.

Bağırovun sözlərinə görə,”Ödənişsiz hüquqi yardım haqqında” qanun layihəsində vətəndaşın keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi, regionlarda vəkil çatışmazlığı probleminin həlli, vətəndaşların hüquq və maraqlarının təmini, yerlərdə ödənişsiz hüquqi yardım göstərəcək qurumların yaradılması ilə bağlı məsələlər əksini tapacaq.
Onun sözlərinə görə, qanun layihəsi daha çox aztəminatlı şəxslərin hüquqlarının keyfiyyətli təmin olunması məqsədilə hazırlanır.

Qanun layihəsində əhalinin aztəminatlı təbəqəsinə hüquqi yardım göstərəcək qurumun yaradılması da nəzərdə tutulacaq.
Həmin qurumun müstəqil təsisat kimi yaradılmasını vacib sayan Bağırov hesab edir ki, onun hər hansı dövlət orqanının tabeliyinə verilməsi qurumun müstəqil fəaliyyətinə kölgə sala bilər.

Onun sözlərinə görə, təkliflərdən biri həmin qurumun Vəkillər Kollegiyasının nəzində fəaliyyət göstərməsi ilə bağlıdır.
“Hüquqi yardım göstərəcək qurumun dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulur. Büdcədən ayrılacaq vəsait aztəminatlı ailələrə keyfiyyətli hüquqi yardım göstərilməsi üçün xərclənəcək”, – Bağırov deyib.
Vəkil bu qurumun fəaliyyətinə hansı formada nəzarət ediləcəyinin hələlik məlum olmadığını, bu məsələnin işçi qurupunda geniş müzakirə olunacağını deyib.

Yerli və beynəlxalq ekspertlərin də təmsil olundiğu işçi qrup bu sahədə Türkiyə və Avropa ölkələrinin təcrübəsini, Azərbaycan qanunvericiliyində bu sahədə mövcud boşluqları öyrənəcək.

Qanun layihəsinin bu il ərzində hazırlanıb ictimai müzakirəyə çıxarılması nəzərdə tutulub.
Bağırov bildirib ki, işçi qrup Ödənişsiz hüquqi yardım konsepsiyası da hazırlayacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO