Xarici İşlər Nazirliyinin yeni 25 attaşesi Azərbaycan Diplomatik Akademiyasında (ADA) gənc diplomatlar üçün nəzərdə tutulan ikiaylıq “Xarici Siyasət Proqramı”na başlayıb.
ADA-nın Kommunikasiya departamentindən Trend-ə verilən məlumata görə, proqrama uyğun olaraq onlar diplomatik protokol qaydaları, beynəlxalq danışıqların aparılması, press-reliz və bəyanatların yazılması, xarici mətbuatla iş, mədəniyyətlərarası ünsiyyətin əsasları kimi praktiki mövzular üzrə təlimlərə qatılacaqlar.
Təlimlərdə ABŞ, Türkiyə, Avropa İttifaqının və digər bölgələrin xarici siyasət prioritetləri, beynəlxalq hüquq və siyasət, beynəlxalq təşkilatların strukturları kimi mövzular da əhatə olunacaq.
Təlimlər ADA-nın yerli və xarici professor heyəti, Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşları, hökumət və biznes sektorunun ekspertləri tərəfindən keçiriləcək. Təlimləri iyunda başa vuran məzunlar ADA ixtisasartırma proqramlarının sertifikatları ilə təltif olunacaqlar.
Qeyd edək ki, ADA-nın 2007-ci ildə təsis edilən “Xarici Siyasət Proqramı”nda bu günə qədər 600-ə yaxın diplomat və beynəlxalq münasibətlər üzrə işləyən digər qurumlardakı dövlət qulluqçuları iştirak edib.