Azərbaycan XİN bəzi mətbuat orqanlarında İran əleyhinə yazılardan təəssüflənir

Xarici İşlər Nazirliyi aprelin 17-də bəzi KİV-lərdə dərc edilmiş məqalə ilə əlaqədar təəssüf edir, bunu qəbuledilməz sayır və Azərbaycan Respublikasının mövqeyini əks etdirmədiyini bildirir.

Trend-in məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuata açıqlamasında bildirib ki, Azərbaycan və İran dövlətləri arasında siyasi, iqtisadi, mədəniyyət və sosial sahələrdə münasibətlər genişlənməkdədir. Xalqlarımız ortaq tarix, mədəniyyət və dinə sahibdir.

“Bütün bunlara baxmayaraq, son dövrlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrə qeyri-dost münasibət bəsləyən qüvvələrin baş qaldırması müşahidə olunur. Dövlətlərimiz arasındakı dostluq və qonşuluq münasibətlərinin inkişafını gözü götürməyən və hər vəchlə ikitərəfli əlaqələrə kölgə salmaq istəyən bəzi dairələr tərəfindən məqsədyönlü şəkildə ciddi və ardıcıl səylər həyata keçirilir.

Yaranmış vəziyyət Azərbaycan və İranın ali dövlət maraqları ilə ziddiyyət təşkil edir və iki ölkənin yaxın qonşuluq münasibətlərinə yaraşmır. Əminik ki, hər iki ölkənin mətbuatındakı xoşagəlməz hallara son qoyulacaq, iki ölkə arasında nifaq yaratmaq istəyən qüvvələr ifşa olunacaqdır. Azad mətbuata hörmətlə yanaşaraq, hər iki ölkənin kütləvi informasiya vasitələrini münasibətlərimizə zərər gətirən hallardan çəkinməyə və Azərbaycan-İran münasibətlərinə dair məsələlərə daha diqqətlə yanaşmağa çağırırıq”, – Abdullayev bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO