Azərbaycan və Türkiyə QHT-lərinin əməkdaşlığının inkişafı müzakirə edilib


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərliyi ilə Türkiyədə səfərdə olan nümayəndə heyəti Ankarada bir sıra dövlət və hökumət rəsmilərilə görüşlər keçirib.

Trend-in şuranın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ilk görüş Türkiyənin Daxili İşlər Naziri Muammer Gülerlə olub. Görüşdə vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətinin mühüm əhəmiyyətini qeyd edən Muammer Güler ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq əlaqələrindən danışıb. Bu günlərdə Xocalı soyqırımının 21-ci ildönümünün Türkiyədə də yüksək səviyyədə anıldığı, Dağlıq Qarabağ probleminin həllində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu qeyd edilib.

Daha sonra güclü vətəndaş cəmiyyətinin mövcudluğunun güclü dövlətin əsas təməl şərtlərindən olduğunu qeyd edən nazir iki dövlət arasında əməkdaşlığın yüksək səviyyədə olmasına baxmayaraq, sivil toplum quruluşlarının əlaqələrinin hələ zəif olduğunu və bunun inkişaf etdirilməsinin vacibliyini bildirib.

Azay Quliyev iki dövlətin vətəndaş cəmiyyəti qurumları arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə işçi qrupunun yaradılmasının zəruri olduğunu bildirib.

Türkiyə daxili işlər nazirinin müsaviri Necməddin Kılıc və Türkiyə Dərnəklər Dairəsi Başkanı Mustafa Yardımçı ilə keçirilən görüşdə dövlət-QHT münasibətləri, QHT-lərin fəaliyyətinin hüquqi əsasları, QHT-lərə dövlət dəstəyinin forma və mexanizmləri haqqında geniş məlumat verilib. Eyni zamanda Türkiyə və Azərbaycan vətəndaş cəmiyyəti qurumları arasında əlaqələrin yaranmasında və inkişafında, təcrübə mübadiləsinin aparılmasında belə görüşlərin əhəmiyyəti vurğulanıb.

Növbəti görüş Türkiyə Respublikası Baş Nazirliyinin Vəqflər idarəsinin baş müdiri Ertem Adnanla keçirilib. Görüş zamanı Türkiyədə vəqflərin tarixi, qurulma prinsipləri və fəaliyyəti haqqında geniş məlumat verilib. Şura sədri Azay Quliyev bu sahədə Türkiyənin böyük təcrübəyə malik olduğunu bildirərək, bu təcrübənin öyrənilməsi, təşviqi, tətbiqi, eyni zamanda iki qurum arasında qarşılıqlı əməkdaşlığın qurulması üçün birgə işçi qrupların yaradılmasının zəruriliyini qeyd edib və bu sahədə əldə olunmuş razılıq əsasında aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Nümayəndə heyətinin görüşləri davam edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO