İsraildən Azərbaycana gələn jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçiriblər.
Trend-in Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komitə sədrinin birinci müavini Valeh Hacıyev KİV nümayəndələrini qəbul edərək azərbaycanlı-yəhudi dostluğunun tarixi köklərindən danışıb. O, bildirib ki, hər zaman beynəlmiləl və tolerant ölkə olan Azərbaycanda digər millətlərin nümayəndələri ilə yanaşı, yəhudilərlə də daim mehriban və dostluq münasibətləri qurulub.
“Məhz bu münasibətlərin nəticəsidir ki, Azərbaycandan köçüb getmiş və hazırda başqa ölkələrdə yaşayan yəhudilər də azərbaycanlılar qədər Azərbaycana xidmət edir. Yəhudi diasporunun ölkəmizin üzləşdiyi problemlərin, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidməti var”, – Hacıyev bildirib.
Azərbaycandan İsrailə köçüb getmiş yəhudilərlə münasibətlərdən danışan Hacıyev bu yöndə “İsrail-Azərbaycan” Beynəlxalq Cəmiyyətinin (“AZİZ”) fəaliyyətini xüsusi qeyd edib.
“Bu təşkilat Azərbaycanla İsrail arasında illərlə formalaşmış dostluğu daha da möhkəmləndirir və inkişaf etdirir”, – komitə sədrinin birinci müavini bildirib.
Görüşdə iştirak edən “AZİZ” İsrail-Azərbaycan təşkilatının təmsilçisi Lev Spivak İsrail media nümayəndələrinin belə geniş tərkibdə Azərbaycanda ilk dəfə olduğunu və gələcəkdə bu cür səfərlərin yenidən təşkil olunacağına ümidvar olduğunu deyib.
Qeyd edək ki, israilli jurnalistlər Azərbaycan XİN-də, Milli Məclisdə də görüşlər keçiriblər. Onlar Qubada yerləşən Soyqırım məzarlığında olublar. Eləcə də qonaqlar yəhudilərin yaşadığı Qırmızı qəsəbəyə baş çəkiblər və Azərbaycan mədəniyyəti, tarixini əks etdirən abidələri ziyarət ediblər.