Serbiya Prezidenti Tomislav Nikoliç cümə günü Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.
Trend-in məlumatına görə, görüşdə Oqtay Əsədov iki ölkə arasındakı dostluq münasibətlərindən danışıb, qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Azərbaycan ilə Serbiya arasında əlaqələrin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd edən Əsədov deyib ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər zamanı aparılan danışıqlar, imzalanmış çoxsaylı sənədlər münasibətlərimizin müxtəlif sahələrdə inkişafı üçün geniş imkanlar açıb, möhkəm hüquqi baza yaradıb.
“İqtisadi sahədə əməkdaşlığımız hələlik istənilən səviyyədə olmasa da, ümid edirik ki, yeni yaradılmış iqtisadi komissiya bu sahənin də inkişafında mühüm rol oynayacaq”, – Əsədov deyib.
Milli Məclisin sədri dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu vurğulayıb, deputatlarımızın beynəlxalq təşkilatlardakı birgə əməkdaşlığını yüksək qiymətləndirib.
Əsədov Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə ali qonağa ətraflı məlumat verib, problemin ədalətli həlli ilə bağlı rəsmi Bakının mövqeyini diqqətə çatdırıb.
Serbiya Prezidenti Tomislav Nikoliç Bakıda keçirdiyi görüşlərin gələcək əməkdaşlığa yaxşı töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Uzun müddət Serbiya parlamentinin deputatı olduğunu vurğulayan Nikoliç dövlətlərarası əməkdaşlığın inkişafında qanunverici orqanların rolunu xüsusi qeyd edib.