Azərbaycan Türkiyə istehsalı olan 60 helikopter alacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Türkiyənin “Türk Havacılık ve Uzay Sanayii” (TAI) aerokosmik şirkətinə bu il istehsalına başlayacaq T-129 ATAK helikopterlərini sifariş edib. Helikopterlərin ümumi qiyməti 3 milyard dollara başa gələcək.
Azərbaycandan başqa helikopterlərin alınmasında həmçinin BƏƏ, Malayziya, Pakistan və İordaniya maraq göstərib.
ATAK helikopterlərinin istehsalı Türkiyənin öz ordusunun silah, texnika təminatına yönələn dövlət proqramının tərkib hissəsidir. Hazırda Türkiyə bu sahədə 50 faizlik təminata sahibdir.
ATAK helikopterləri 300 kilometr saatadək sürət yığa, istənilən hava şəraitində uçuşlar həyata keçirə bilər.
Trend.az