Aprelin 19-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-İran əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən Dövlət Gömrük Komitəsinin sədri bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. “Bununla kifayətlənməməli, səylərimizi daha da gücləndirməliyik”, – deyən komitə sədri iki ölkə arasında ticarətin genişləndirilməsi, “Aslandüz-Horadiz” sərhəd-keçid məntəqəsinin fəaliyyətinin bərpa edilməsi istiqamətində işlərin intensivləşdirilməsinin vacibliyini bildirib.
Səfir Möhsün Pakayin isə İran hökumətinin Azərbaycanla münasibətləri heç bir məhdudiyyət olmadan genişləndirməkdə maraqlı olduğunu söyləyib. Azərbaycan tərəfinin “Aslandüz-Horadiz” sərhəd-keçid məntəqəsinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı təklifinə münasibət bildirən səfir ölkəsinin də bu təklifə müsbət yanaşdığını, sərhədyanı ticarətin genişləndirilməsinə töhfə olacaq bu məntəqənin yaxın zamanlarda fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini vurğulayan Möhsün Pakayin bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib, Azərbaycan və İran gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi məqsədilə iki ölkənin sərhəd-gömrük buraxılış məntəqələri əməkdaşlarının işgüzar görüşlərinin keçirilməsinin, bu məntəqələrdə vətəndaşların rahat gediş-gəlişinə mane ola biləcək problemlərin yerindəcə həll edilməsinin, eləcə də ölkələrimizin gömrük sahəsi üzrə mövcud qanunvericiliklərinin daha dərindən mənimsənilməsi üçün birgə treninqlərin keçirilməsinin zəruriliyini nəzərə çatdırıb.
Əməkdaşlıq əlaqələrinin genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətindən də danışan səfir İran İslam Respublikası Gömrük Administrasiyasının rəhbəri Abbas Memarnejadın rəsmi dəvətini Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə çatdırıb, bu səfərin yaxın zamanlarda gerçəkləşəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində, Aydın Əliyev münasib vaxtda bu səfərin baş tutacağına ümid etdiyini vurğulayıb. Toxunulan məsələlərə gəlincə, Əliyev qeyd edib ki, Azərbaycan-İran sərhədində, Astara Gömrük İdarəsində iki ölkənin gömrük və sərhəd xidməti nümayəndələrinin qarşılıqlı görüşləri artıq mütəmadi xarakter alıb, digər sərhəd-gömrük buraxılış məntəqələrində isə bu cür işgüzar görüşlərin təşkili üçün müvafiq tədbirlər həyata keçirilir. Gömrük sahəsi üzrə mövcud qanunvericiliklərin daha geniş öyrənilməsi üçün birgə treninqlərin keçirilməsi zəruriyyətinə də müsbət yanaşan komitə sədri, ümumiyyətlə, ölkələrimizin müvafiq qurumları arasında qarşılıqlı münasibətlərin, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələrinin gələcək perspektivlərindən ətraflı bəhs edib.