Azərbaycan ilə Türkiyə ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin prioritetlərinə dair fikir mübadiləsi aparib

Fevralın 4-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə görüşüb. Trend-in Ədliyyə nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, nazir dövlətlər arasında möhkəm dostluq və qardaşlıq münasibətlərini, ikitərəfli əlaqələrin genişlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayaraq, iki ölkə arasında zəngin müqavilə-hüquq bazasına malik əməkdaşlığın müxtəlif, o cümlədən ədliyyə sahəsində dinamik inkişafından məmnunluğunu ifadə etmişdir.
F.Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu ədliyyə və məhkəmə islahatlarından danışaraq həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin iştirakını, qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə son illər 170-ə yaxın hakimliyə namizədin Türkiyədə yarım aylıq nəzəri və praktiki təlim keçdiyini təqdir etmiş, yaxın günlərdə Türkiyə Ədliyyə Nazirliyi nümayəndələrinin ölkəmizə ediləcək səfərini sıx əməkdaşlığımızın təzahürü kimi dəyərləndirib.
Görüşdə ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da dərinləşməsində hər iki ölkənin dövlət və hökumət başçılarının xüsusi rolu və güclü siyasi iradəsi, dövlətlərimizin hər zaman bir-birinə qarşılıqlı dəstək göstərməsi qeyd olunmuş, əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanaraq, təcrübə mübadiləsinin hər iki tərəf üçün səmərəsi qeyd olunub.
Dərin tarixi köklərə malik əlaqələrimizin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayan səfir Azərbaycanın hərtərəfli dinamik inkişafını qeyd edərək məhkəmə-hüquq sistemində aparılan islahatları və əldə olunmuş nailiyyətləri, habelə innovativ və şəffaf xidmətlərin tətbiqini alqışlamış, xüsusilə ötən ay fəaliyyətə başlamış ASAN xidməti maraqlı qabaqcıl təcrübə kimi qiymətləndirib. Qonaq Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə iki ölkə arasındakı səmərəli hüquqi əməkdaşlığı daha da möhkəmləndirmək üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin prioritetləri, korrupsiyaya qarşı mübarizədə müsbət təcrübə, elektron xidmətlərin tətbiqi və s. sahələr üzrə faydalı fikir mübadiləsi də aparılmışdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO