Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinin Baş naziri Salam Fayad ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə S.Fayad Fələstinin Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulamışdır.
İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edən Fələstinin Baş naziri Azərbaycanı yaxın dost və qardaş ölkə adlandıraraq müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirmişdir.
Azərbaycanın Fələstinə dəstəyini davam etdirəcəyini bildirən E.Məmmədyarov ölkəmizin Yaxın Şərq regionunda münaqişənin tezliklə həllini tapmasında maraqlı olduğunu vurğulamışdır. Nazir Azərbaycanın münaqişənin iki dövlət və Fələstinin paytaxtı Şərqi Qüdsün olması prinsipi ilə həllinin tərəfdarı olduğunu bildirmişdir.
Azərbaycanın Fələstin ilə bir çox istiqamətlərdə, o cümlədən humanitar sahədə əməkdaşlığın perspektivlərindən danışan E.Məmmədyarov fələstinli tələbələrin ölkəmizdə təhsil alması üçün tərəfimizdən lazımi dəstəyin verildiyini diqqətə çatdırmışdır. Nazir bu dəstəyin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də həyata keçirildiyi bildirmişdir.
Görüşdə Yaxın Şərq regionunda cərəyan edən proseslər barədə də fikir mübadiləsi aparılmışdır. E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətinə məlumat vermiş, bu məsələnin ədalətli həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacağını bildirmişdir.