Azərbaycan Fələstinə dəstəyini davam etdirəcək.
Trend-in məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi bildirilib ki, bu barədə nazir Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinin xarici işlər naziri Riad al-Maliki ilə görüşdə deyib.
Nazir Məmmədyarov Azərbaycanın regionda sülhün tezliklə bərqərar olmasının tərəfdarı olduğunu vurğulayaraq, ölkəmizin Fələstinə dəstəyini davam etdirəcəyini bildirib.
Elmar Məmmədyarov Azərbaycanın iki dövlət prinsipini dəstəklədiyini vurğulayıb.
Həmçinin nazir Elmar Məmmədyarov Fələstinin beynəlxalq ictimaiyyətin tamhüquqlu üzvü olmağa haqqı olduğunu və hər zaman olduğu kimi beynəlxalq təşkilatlarda Fələstini dəstəkləyəcəyini qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, Azərbaycanın sürətlə gücləndiyini və inkişaf etdiyini və gec tez öz ərazi bütövlüyümüzü bərpa edəcəyimizi vurğulayıb.
Görüşdə Fələstinin xarici işlər naziri Azərbaycana dost və qardaş ölkə kimi yaxınlaşdığını vurğulayıb və bu səfərin Azərbaycan ilə Fələstin arasındakı münasibətlərin inkişafında mühüm addım kimi qiymətləndirib.
Tərəflər müxtəlif sahələr üzrə münasibətlərin inkişaf etdirilməsi barədə razılığa gələrək, münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.
Fələstinin xarici işlər naziri Azərbaycanın bu gün mötəbər beynəlxalq təşkilatlarda, xüsusilə BMT TŞ, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında nüfuza malik olduğunu qeyd edərək, Fələstinə verdiyi böyük dəstəyə görə təşəkkürünü bildirib.