Azərbaycan Diplomatik Akademiyasında yeni magistratura proqramının rəsmi açılış mərasimi keçirilib


Bu gün Azərbaycan Diplomatik Akademiyasında yeni “Biznesin İdarəedilməsi” (Executive MBA) magistratura proqramının rəsmi açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirdə ADA rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, təhsil nazirinin müavini Qulu Novruzov, Niderlandın Azərbaycandakı səfiri Aryen Uiyterlinden, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Hafiz Paşayev proqramın əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu proqram ADA ilə Maastrixt Menecment Məktəbi arasında uzun müddət aparılan danışıqlardan sonra mümkün olub. Paşayev qeyd edib ki, proqram nəticəsində Azərbaycan tələbələri idarəetmə sahəsində mühüm biliklərə yiyələnəcəklər.

Aryen Uiyterlinden də iki partnyor ölkə arasnda bu cür layihənin həyata keçirilməsinin əhəmiyyətli olduğunu qeyd edib. Səfir bildirib ki, bu proqram Azərbaycan və Niderland tələbələrinin şəbəkələşməsinə, onlar arasında təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə verəcək.

Qulu Novruzov da proqramın əhəmiyyətini vurğulayaraq proqramın uğurlu nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, ADA 2013-2014-cü tədris ilindən başlayaraq tələbə qəbul edəcək yeni “Biznesin İdarəedilməsi” magistratura proqramı iki illik ali təhsil proqramıdır və, ən azı, dörd illik iş təcrübəsi olan namizədlər üçün nəzərdə tutulmuşdur.

Executive MBA Azərbaycan Diplomatik Akademiyası ilə Niderlandın Maastrixt Menecment Məktəbi arasında ikili dərəcə proqramıdır, yəni Executive MBA proqramının sonunda məzunlar həm ADA-nın, həm də Maastrixt Menecment Məktəbinin diplomları ilə təltif olunacaqlar. Dərslər ADA və Maastrixt Menecment Məktəbinin professorları tərəfindən aparılacaq. Tələbələrin proqramın bir hissəsini Niderlandda bitirməsi nəzərdə tutulmuşdur. Sənəd qəbulu rəsmi açılış günündən başlayaraq cari ilin iyunun 15-dək davam edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO