Afrika İttifaqı yanında müşahidəçi statusu olan Azərbaycan Respublikası dost və tərəfdaş dövlət kimi Afrika İttifaqının yaranmasının 50 illiyi ilə əlaqədar Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində 25 may tarixində keçirilmiş Afrika zirvə toplantısına dəvət olunub.
Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri və eyni zamanda Afrika İttifaqı yanında Daimi Nümayəndəsi Şahin Abdullayev təmsil edib.
“Pan-Afrikanizm və Afrikanın intibahı” mövzusunda keçirilmiş zirvə toplantısında Afrikanın gələcək inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.
Səfər çərçivəsində Afrika İttifaqının katibliyinin əməkdaşları, Afrika İttifaqına üzv və tərəfdaş dövlətlərin nümayəndə heyətləri ilə görüşlər də keçirilib.
Azərbaycan Respublikası 2011-ci ilin yanvar ayından etibarən Afrika İttifaqı yanında müşahidəçi statusu almış və bundan sonra Azərbaycanın qitə ilə əlaqələrinin inkişafında yeni səhifə açılıb.
Ötən müddət ərzində Azərbaycan Afrika İttifaqının tədbirlərində yaxından iştirak edib, Afrika burnu regionunda baş vermiş humanitar böhranın aradan qaldırılmasına öz töhfəsini verib, gənclər siyasəti, elm-təhsil və texnologiya sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə Afrika İttifaqının elm-texnologiya və gənclər üzrə komissarı Jan Ezhinin rəhbərlik etdiyi nümayəndə heyəti, Afrika ölkələrinin aparıcı gənclər təşkilatlarının rəhbərləri və Pan-Afrika gənclər ittifaqının rəhbər üzvləri Azərbaycana səfər etmiş və Azərbaycan Respublikası gənclər təşkilatlarının milli şurası ilə Pan-Afrika gənclər ittifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş Azərbaycan Respublikası BMT TŞ-da Afrika ilə əlaqədar aparılmış müzakirələrdə daimi yaxından iştirak edib, Xarici İşlər Nazirliyinin Beynəlxalq inkişafa yardım idarəsi tərəfindən bır sıra Afrika ölkələrində katarakt göz xəstəliyinə qarşı mübarizə çərçivəsində humanitar layihələr həyata keçirib və yüzlərlə insanın görmə qabiliyyəti bərpa edilib.