• flag
  • flag
  • flag

İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU

BIQ
qabiq
samaxi-soyqirim

“Qaradağlıdan Xocalıya” mövzusunda “dəyirmi masa” keçirilib

“Qaradağlıdan Xocalıya” mövzusunda “dəyirmi masa” keçirilib
Fevralın 17-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası “Qaradağlıdan Xocalıya” mövzusunda “dəyirmi masa” keçirib. Tədbir Prezident İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “dəyirmi masa” 1992-ci ilin fevralında Xocavənd rayonunun Qaradağlı kəndində və Xocalı şəhərində törədilmiş soyqırımı aktlarına həsr edilib. Tədbirdə ictimai xadimlər və alimlər, Dövlət Komissiyasının üzvləri və əməkdaşları iştirak ediblər.

“Dəyirmi masa”nı açan Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarılması, əsir və girovların geri qaytarılması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Komissiyanın yaradılması zərurətindən, Prezident İlham Əliyevin Dövlət Komissiyasının qarşısına qoyduğu vəzifələrdən danışıb. O, müharibə qurbanlarının, girov götürülmüş şəxslərin beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlarının təmin edilməsinin, Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini diqqətə çatdırıb. E.Səmədov xatırladıb ki, müharibə zamanı əsir və girov düşmüş şəxslərin ölkəmizə qaytarılması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 1993-cü il yanvarın 13-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, mart ayında isə müvafiq İşçi qrupu yaradılıb.

Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı ermənilər və onların havadarları tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətindən danışıb. Bildirib ki, XX əsrdə azərbaycanlılar dörd dəfə soyqırımı, təqib və deportasiyalara məruz qalıb, öz tarixi torpaqlarından didərgin düşüblər. Ermənilərin tarixən azərbaycanlılara qarşı insanlığa sığmayan qatı cinayətlər törətdiklərini qeyd edən X.Kazımlı vurğulayıb ki, bu cinayətləri əks etdirən mühüm faktlar və sənədlər var. Əlavə edilib ki, Ermənistan Respublikasının hazırki ərazisində tarixən azərbaycanlılar yaşayıblar. Bu gün isə bir nəfər də olsun azərbaycanlının qalmadığı Ermənistan monoetnik dövlətə çevrilib. Xocalıda azərbaycanlılara qarşı insanlığa sığmayan soyqırımı törətmiş cinayətkarlar bu gün Ermənistana rəhbərlik edirlər. Ancaq əfsuslar olsun ki, dünya ictimaiyyəti onların cəzasız qalmasına hələ də göz yumur. O, 1988-1993-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan tərəfindən işğalı və bu gün də davam edən erməni təcavüzü nəticəsində əhaliyə, bölgənin infrastrukturuna, ətraf mühitə və digər sahələrə dəyən zərərlərin, maddi və mənəvi itkilərin Beynəlxalq Qiymətləndirmə Standartlarına əsasən müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli Sərəncamına əsasən yaradılan İşçi Qrupunun fəaliyyətinə toxunub. X.Kazımlı erməni işğalı nəticəsində dəyən birbaşa maddi zərərlərin və ölkəmizin özünümüdafiə xərclərinin hesablanması istiqamətində artıq bir sıra işlərin görüldüyünü, ölkənin əqli mülkiyyətinə, tarix və mədəniyyət abidələrinə və mülki əhaliyə dəyən birbaşa zərərlərin müəyyənləşdirildiyini diqqətə çatdıraraq bildirib ki, qiymətləndirmə ardıcıl yanaşma metodu ilə aparılır və Azərbaycanın itkiləri düşmən təcavüzünün davam etdiyi müddətdə ilbəil artmaqdadır.

Sonra digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bildiriblər.



AZƏRTAC

Oxunub: 78 dəfə | Tarix: 17-02-2017, 15:26 | Kateqoriya:

---