Azərbaycanla Küveyt arasında əlaqələr dostluq və əməkdaşlıq ruhunda inkişaf edir

Azərbaycanla Küveyt arasında əlaqələr dostluq və əməkdaşlıq ruhunda inkişaf edirBu gün Küveytin Azərbaycandakı səfirliyi Küveyt Dövlətinin milli bayramı – dövlət müstəqilliyinin ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Trend-in məlumatına görə, qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ölkəsinin müstəqilliyi haqqında danışıb.

Səfir bildirib ki, Küveyt-Azərbaycan əlaqələri son illərdə nəzərəçarpacaq dərəcədə inkişafın şahidi olub: “Bu, bir daha iki ölkənin siyasi rəhbərliyinin əlaqələri daha da inkişaf etdirmək, daha da genişləndirmək əzmində oldugunun sübutudur. Belə ki, ötən il ərzində hər iki ölkə rəsmiləri tərəfindən bir sıra qarşılıqlı səfərlər həyata keçirilib. Küveyt-Azərbaycan əlaqələrindəki bu nəzərəçarpacaq inkişaf böyük zəhmət və səylərin nəticəsində baş verib. Bu inkişaf iki ölkə arasında əlaqələrin tələb olunan səviyyədə təmin edilməsi üçün səylərin birləşdirilməsini zəruri edən çağırışlarla üzləşib və üzləşməkdədir”.

Diplomat qeyd edib ki, Küveyt Dövləti dost ölkələrlə əlaqələrində realist siyasət yürüdüb: “Bu yaxınlarda ölkələr arasında müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək böyük nailiyyət əldə edilib. Belə ki, Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında Küveyt vətəndaşlarına sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilməyə başlanıb. Küveyt Dövləti Azərbaycan tərəfinin bu addımını yüksək qiymətləndirir”.

O, həmçinin bildirib: “Azərbaycanlı qardaşlarımızın Xocalı soyqırımının ildönümü ilə bağlı kədərini bölüşür və Küveyt Dövləti olaraq mülki vətəndaşları hədəfə alan bu kimi əməlləri pisləyirik”.

Tədbirdə Azərbaycan hökuməti adından çıxış edən təhsil naziri Mikayıl Cabbarov Küveyt Dövlətini və xalqını milli bayram münasibətilə təbrik edib.

O, qeyd edib ki, ölkələrimiz arasında münasibətlər dostluq və əməkdaşlıq ruhunda inkişaf edir: “Strateji coğrafi yerləşməyə malik olan Azərbaycan və Küveyt öz müstəqilliklərinin qorunub saxlanılması və gücləndirilməsi istiqamətində böyük səylər göstəriblər: “Ölkələrimiz arasındakı oxşarlıqlardan biri də hər iki ölkənin zəngin təbii ehtiyatlara malik olmasıdır. Azərbaycan və Küveyt bu ehtiyatların istifadəsinin məqsədləri və vasitələrində də ortaq yanaşmadan çıxış edirlər. Hər iki ölkənin rəhbərliyinin vahid baxışı beynəlxalq hüquqa əsaslanan sülhdən və sabitlikdən ibarətdir. Azərbaycan və Küveyt sabitlik və tərəqqinin tərəfdarıdır. İnkişaf yolumuzda yalnız təbii ehtiyatlarından asılı olmamaq məqsədilə milli inkişaf strategiyalarımızı diversifikasiya olunan iqtisadiyyatların qurulmasına hədəfləmişik”.

Nazir bildirib ki, Azərbaycan və Küveyt dünyada və öz regionlarında baş verən proseslərdən kənarda qalmayaraq fəal iştirakçı kimi sülh və sabitlik istiqamətində konstruktiv təşəbbüslərə öz dəstəyini vermək arzusundadır: “Biz öz mədəni irsimizi qorumaqla müasirləşmənin təmin olunması istiqamətində səy göstəririk. Hər iki ölkə təhsilə böyük sərmayələr yatırır və bunun millətlərinin gələcəyi naminə ən səmərəli yatırım olduğuna inanır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO