Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda ABŞ-dakı Koreya icmasının nümayəndələri ilə görüş keçirilib

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda ABŞ-dakı Koreya icmasının nümayəndələri ilə görüş keçirilib Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda yanvarın 11-də ABŞ-da yaşayan Koreya icmasının aparıcı nümayəndələri ilə geniş görüş keçirilib.

Konsulluqdan Trend-ə verilən məlumata görə, “Dinlərarası Harmoniyanın Təşviqi“ devizi altında təşkil olunan görüş Koreya icması ilə bu səpkidə indiyədək keçirilən ilk tədbir kimi yadda qalıb. Tədbirin başlıca məqsədi ABŞ-ın ən nufuzlu icmalarından olan, təqribən 2 milyondan çox Koreya mənşəli amerikalını özündə birləşdirən Koreya icması ilə qarşılıqlı faydalı münasibətlərin qurulması olub.

Los Ancelesdə fəaliyyət göstərən nüfuzlu KCCD təşkilatının dəstəyi ilə keçirilən tədbirdə Koreya icmasının aparıcı nümayəndələri və Koreya media qurumlarının təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Los Ancelesdəki baş konsul Nəsimi Ağayev tədbiri açaraq, Azərbaycanın tarixi, çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri mövzusunda çıxış edib. Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdikdən sonra keçdiyi tarixi inkişaf yolundan danışan diplomat, bu səpkidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən, Ulu Öndərin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və nəticədə Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrilməsindən bəhs edib.

Azərbaycan ilə Koreya respublikaları arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bu yaxın münasibətlərin ABŞ-da da davam etdirilməsinin vacibliyini qeyd edən baş konsul, ABŞ-ın Koreya icması ilə birgə uğurlu əməkdaşlıq üçün kifayət qədər potensialın olduğunu söyləyib. Diplomat vurğulayıb ki, Azərbaycan və Korea dillərinin eyni dil ailəsinə – Altay dil ailəsinə mənsub olması hər iki xalq arasında qardaşlıq bağlarının yaranmasına gözəl zəmin yaradır.

Tədbirdə çıxış edən KCCD təşkilatının rəhbəri Heypin İm (Hyepin Im) və təşkilatın idarə heyətinin həmsədrləri Con Park (John Park) və Uqi Kim (Woogie Kim) belə bir tədbirin keçirilməsindən məmnun qaldıqlarını ifadə edərək, səmərəli əməkdaşlıq üçün belə görüşlərin mütəmadi keçirilməsinin önəmini qeyd ediblər.

Natiqlər, Azərbaycanın tolerantlıq və multukulturalizm sahəsində əldə etdiyi tarixi nailiyyətlərin təqdirəlayiq olduğunu vurğulayaraq, hazırda beynəlxalq aləmdə dini və mədəni zəminlərdə cərəyan edən qanlı toqquşmalar fonunda Azərbaycanın tolerantlıq modelinin daha geniş şəkildə təbliğ edilməsinin zəruriliyini bildiriblər.

Tanınmış Koreya televiziya kanalı, 26 milyon izləyicisi olan TVK kanalı tədbir barədə reportaj yayımlayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO