Azərbaycanda ticarət obyektləri istehsalçı müəssisədən çörək-bulka məmulatlarının laboratoriya nəticələrini tələb edəcək

Azərbaycanda ticarət obyektləri ayda 1 dəfədən az olmayaraq, çörək-bulka məmulatlarının istehsalçısı olan müəssisədən daxil olan məmulatların nümunələrinin keyfiyyətini və təhlükəsizliyini təsdiq edən akkreditasiya olunmuş laboratoriyalarda keçirilmiş sınaqların nəticələrini tələb etməlidir. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda nəzərdə tutulub.

Həmin qaydalara əsasən, çörək-bulka məmulatlarının ticarət obyektlərinə daşınması istehsalçı ilə bağlanmış müqavilə əsasında və razılaşdırılmış qrafik üzrə həyata keçirilməlidir. İstehsalçı qrafikdə nəzərdə tutulan müddətdə və çeşiddə məmulatların ünvanlara çatdırılmasını təmin etməlidir. Məmulatların ticarət obyektlərində qəbulu zamanı keyfiyyətinə görə yararsız olanlar geri qaytarılmalıdır.

Məmulatlar ixtisaslaşmış çörək-qənnadı mağazalarında, universal və ərzaq mağazalarının çörək satışı şöbələrində, kənd yerlərində gündəlik tələbat malları satışı mağazalarında, çörək və ərzaq çadırlarında, köşklərdə, avtodükanlarda satıla bilər. İxtisaslaşmış çörək-qənnadı mağazalarında, habelə universal və ərzaq mağazalarının çörək satışı şöbələrində bu məmulatlardan başqa, şəkər, mürəbbə, cem, bal, çay, qəhvə, kakao və s. analoji qablaşdırılmış ərzaq mallarının satışına da icazə verilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO