Azərbaycanda sahibkarlığın inkişafı üzrə aparılacaq islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulur

Bu gün Qəbələdə İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Prezidentinin 3 mart 2014-cü il tarixli “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələr, aparılacaq islahatlar, eləcə də sahibkarların bu barədə məlumatlandırılması məqsədi ilə tədbir keçirilib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 100-dən çox sahibkar iştirak etmişdir.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd etmişdir ki, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Bütün bunların nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73,9%-ə, vergi daxilolmalarında 72,4%-ə yüksəlmiş, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80%-i ötmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahənin inkişafına verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir. Fərmana uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılmış və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunmuşdur. Sənəddə aidiyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq təkliflərin hazırlanması tapşırılmışdır.

Artıq İqtisadiyyat və Sənaye Nazirliyi fərmanda verilmiş tapşırıqların icrası ilə bağlı təkliflər paketini hazırlamış və aidiyyəti dövlət qurumlarına təqdim etmişdir. Fərmana uyğun olaraq aparılacaq islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulur. İki qanun tamamilə yeni olacaqdır, bunlar “Özəl kredit büroları haqqında” və “Təminatlı əqdlər haqqında” qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaqdır.

Qəbələ Rayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayev çıxışında son illər Qəbələdə sahibkarlıq fəaliyyətinin genişləndirildiyini, rayonda özəl bölmənin dinamik inkişaf etdiyini, dövlət dəstəyi ilə yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildirmişdir. Qeyd edilmişdir ki, “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərman hər bir bölgədə olduğu kimi, Qəbələdə də sahibkarlığın sürətli inkişafına zəmin yaradacaqdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov dövlət başçısının müvafiq fərmanının Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübə əsasında təkmilləşdirilməsi istiqamətində əsas yol xəritəsi olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açdığını qeyd etmiş, fərmana əsasən aidiyyəti dövlət qurumları ilə birlikdə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasının müəyyən edildiyini bildirmişdir. Artıq bu istiqamətdə işlərə başlanılmışdır.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Fərhad Osmanov Azərbaycanda sahibkarlığın inkişafına daim diqqət göstərildiyini, ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması və inzibati prosedurların sadələşdirilməsi ilə bağlı mütəmadi tədbirlər görüldüyünü qeyd etmiş, “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın ölkəmizdə biznes və investisiya mühitini daha da yaxşılaşdıracağını, qeyri-neft sektorunun, sahibkarlığın sürətli inkişafını təmin edəcəyini vurğulamışdır.

Nazirliyin Strateji planlaşdırma şöbəsinin müdir müavini Rəşad Dayıyev isə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat vermişdir.

Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Quliyev sahibkarların hüquq və maraqlarının müdafiəsi, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Xalid Abdullayev sahibkarlardan hesabatların elektron qaydada qəbul edilməsi barədə məruzələrlə çıxış etmişlər.

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO