Azərbaycanda iri neft-qaz layihələrinin reallaşdırılması üçün ixtisaslı mütəxəssislərin hazırlanmasına dair memorandum imzalanıb

Fevralın 11-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumu və ƏƏSMN ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Trend-in məlumatına görə, sənədləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev imzalayıblar.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov bildirib ki, son illər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, bir çox xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, sahibkarların iştirakı ilə maarifləndirmə, biznes forumların, konfransların keçirilməsi və digər tədbirlər nəticəsində güclü özəl sektor formalaşıb. Bu tədbirlər nəticəsində ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 83 faiz təşkil edib. Ölkədə 1 milyon 200 min iş yeri açılıb ki, onların 900 mini daimi iş yeridir. Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə düşüb. İşsizlik 5 faiz təşkil edir. Son 10 ildə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə yüksəlib, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb.

S.Müslümov vurğulayıb ki, dövlətin sosial – iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindən biri də yüksək beynəlxalq standartlara cavab verən işgüzarlıq mühitinin formalaşdırılması, sahibkarlığın, o cümlədən biznes infrastrukturun inkişafı, investisiya fəallığının daha da artırılması əsasında əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsidir. Nazir bu baxımdan biznes strukturları ilə dövlət orqanları arasında davamlı dialoqun inkişafının vacib şərtlərdən biri olduğunu bildirərək, sahibkarlarla dövlət orqanları arasında əməkdaşlıq münasibətlərinin inkişafına yardım etmək və onların işini əlaqələndirmək məqsədi ilə imzalanan sənədlərin əhəmiyyətindən danışıb.

S.Müslümov eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin 03 fevral 2014-cü il tarixli Fərmanı ilə Əmək Məcəlləsində edilmiş sonuncu dəyişikliklərin məşğul əhalinin əmək hüquqlarının müdafiəsinin təmin olunmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlardan biri olduğunu qeyd edib və hazırda nazirlikdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılması istiqamətində gərgin işin getdiyini bildirib.

ARDNŞ prezidenti R.Abdullayev tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurla reallaşdırılmasının ölkəmizin dinamik sosial-iqtisadi inkişafı üçün möhkəm baza yaratdığını bildirib.

R.Abdullayev zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə nəticəsində Azərbaycan Respublikasının regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrildiyini qeyd edib. Bununla yanaşı o, ölkə iqtisadiyyatının inkişafinda qeyri-neft sektorunun, sahibkarlığın inkişafının önəmli olduğunu bildirərək keçən ildə qeyri-neft sektorun artımının təqribən 10 faiz təşkil etdiyini bildirib. ARDNŞ prezidenti biznes strukturları ilə dövlət orqanları arasında davamlı dialoqun əhəmiyyətindən danışaraq imzalanan sənədlərin işçilərin sosial müdafiəsi, əmək münasibətlərinin tənzimlənməsi, həmçinin məşğulluğun təmini sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəldiyini vurğulayıb.

ASK-nın prezidenti M.Musayev çıxış edərək sahibkarlığın inkişafına dövlət tərəfindən çox böyük diqqətin olduğunu bildirib və sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunduğunu, bu məqsədə maliyyə resurslarının cəlb edildiyini nəzərə çatdırıb. O, eyni zamanda imzalanan sənədlərin əhəmiyyətindən danışaraq görüləcək tədbirlərin sahibkarlarla dövlət orqanları arasında əməkdaşlıq münasibətlərinin, bütövlükdə özəl sektorun və ölkə iqtisadiyyatının inkişafına müsbət təsir edəcəyini bildirib.

M.Musayev əmək qanunvericiliyinə edilən əlavə və dəyişikliklər, sahibkarlıq subyektlərinin fəaliyyət istiqamətləri və biznes fəaliyyəti haqqında daim yenilənmiş məlumatların əldə edilməsi məqsədilə tərəflərin informasiya bazasından istifadə edilməsi, birgə keçirilən tədbirlər barədə məlumatların veb-səhifələrdə yerləşdirilməsi, regionlarda sahibkarlığın inkişafı ilə əlaqədar birgə konfrans, seminar və müşavirələrin təşkil edilməsi istiqamətində müvafiq tədbirlərin keçiriləcəyini vurğulayıb.

Tədbirdə nəzərə çatdırılıb ki, imzalanan sənədlərə uyğun olaraq sahibkarlığın inkişafı və əmək qanunvericiliyi sahəsində vahid dövlət siyasətinin təkmilləşdirilməsi üzrə sosial tərəfdaşlarla məsləhətləşmələrin, əlaqələndirmənin və əməkdaşlığın gücləndirilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və inkişafına kömək göstərilməsi ilə bağlı birgə əməkdaşlıq münasibətləri müəyyən edilərək reallaşdırılacaq. Bununla yanaşı əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi əsasında tənzimlənməsi, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə riayət olunması, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, texniki təhlükəsizlik, əmək şəraiti, peşə və ixtisas standartlarının hazırlanması, işsiz və iş axtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılmasının təşkili və məşğulluğunun təmin edilməsi sahəsində əməkdaşlıq həyata keşiriləcək.

İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığortası üzrə birgə əməkdaşlıq, əlillərin, gənclərin və əhalinin digər həssas sosial qruplarının məşğulluğuna köməklik göstərilməsi, sahibkarlıq subyektlərinin əmək qanunvericiliyi sahəsində maarifləndirilməsi, onların biliklərinin artırılması istiqamətində birgə layihələrin həyata keçirilməsi, yoxsulluğun azaldılması, regionların sosial iqtisadi inkişafı dövlət proqramlarının icrasının dəstəklənməsi istiqamətində birgə tədbirlərin keçirilməsi də imzalanan memorandumlarda öz əksini tapıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO