Azərbaycanda birinci sinfə gedəcək uşaqlar üçün yenilik

Azərbaycanda orta məktəbin I sinfinə, ilk növbədə, məktəbin bilavasitə xidmət ərazisində yaşayan uşaqlar qəbul olunacaqlar. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun yeni imzaladığı “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nda öz əksini tapıb.

Qaydalara əsasən, şagirdlərin I sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsi daxil edilir.

Komissiyaya məktəbin direktoru rəhbərlik edir. Komissiya müvafiq dərs ilinin ikinci yarımilindən etibarən fəaliyyətə başlayır. Komissiyanın iş günləri elan formasında valideynlərin (digər qanuni nümayəndələrin) diqqətinə çatdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar qəbul edilir. Ümumtəhsil məktəbinin direktoru yerli icra hakimiyyətinin nümayəndələri ilə birgə ərazi üzrə məktəb yaşına çatmış bütün uşaqların təhsilə cəlb olunması ilə bağlı zəruri tədbirlər həyata keçirir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO