Azərbaycanda ali məktəblərə ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlandı

Azərbaycanda ali təhsil müəssisələrinin ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Trend-ə bildirilib ki, abituriyentlər imtahanın nəticələri ilə TQDK-nın internet saytı vasitəsilə və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 13-də “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq. Jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək mümkündür.

Tələbə adı qazanmış şəxslər 2015-ci il avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin müsabiqəsində 38763 abituriyent iştirak edib. Onlardan 32196 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 14-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 14-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.

Qeyd edək ki, ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 36625 abituriyent, V ixtisas qrupu üzrə isə 8898 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

İxtisas seçimi ərizələrini tələb olunan vaxtda təsdiqləməyən abituriyentlər ixtisas seçimi müsabiqədə iştirak edə bilməyiblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO