Azərbaycana ŞƏT-in Dialoq Tərəfdaşı statusunun verilməsinə dair memorandum imzalanıb

Azərbaycana ŞƏT-in Dialoq Tərəfdaşı statusunun verilməsinə dair memorandum imzalanıbAzərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov ilə görüşüb.

Bu barədə Trend-ə XİN-dən məlumat verilib.

Baş katib nazir E.Məmmədyarovu məmnuniyyətlə salamlayaraq, Şanxay Əməkdaşlıq Təşkilatı və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın təşviqi üçün əlverişli imkanların olduğunu vurğulayıb və bu səfərin əlaqələrin inkişafına mühüm töhfə verəcəyini deyib.

Nazir E.Məmmədyarov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə təsisatlanmış əməkdaşlığın qurulmasında maraqlı olduğunu qeyd edərək, terrorizm, separatizm və extremizmə qarşı mübarizə, regional sülh və təhlükəsizliyin möhkəmləndirlməsi, nəqliyyat, energetika və digər qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafı perspektivlərindən danışıb.

O, Azərbaycanın təşəbbüsü və iştirakı ilə son illər həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, Şərq-Qərb nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyət başlamasının qədim İpək yolu boyunca təşkilata üzv olan dövlətlərlə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazir həmçinin, təşkilata üzv olan bəzi ölkələrin vətəndaşları üçün Azərbaycana giriş vizalarının rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsinin insanlararası təmasların artmasına və iqtisadi əməkdaşlığın stimullaşdırılmasına müsbət təsir göstərəcəyini bildirib.

Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını deyən nazir bu xüsusda 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Forumunun əhəmiyyətini qeyd edib.

E.Məmmədyarov regional sülh və təhlükəsizlik üçün başlıca təhdid yaradan Ermənistan-Azərbaycan münaqişəsi barəsində ətraflı məlumat verib. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu deyən nazir Elmar Məmmədyarov münaqişənin həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal edilmiş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalı olduğunu vurğulayıb.

Baş katib Rəşid Alimov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq niyyətinin təqdir edildiyini qeyd etdi. O, terrorizm, ekstremizm və separatizmə qarşı mübarizə, iqtisadi əməkdaşlığın inkişafı, nəqliyyat, enerji və turizm kimi sahələrin təşkilat üçün də prioritet olduğunu qeyd etdi.

Görüş əsnasında Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusunun verilməsinə dair Memorandum imzalanıb.

İmzalanma mərasimindən sonra çıxış edən nazir E.Məmmədyarov Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusunun verilməsinin ölkəmizə olan etimadın nümunəsi olduğunu qeyd edib və Memorandumda nəzərdə tutulmuş sahələr üzrə təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf edəcəyinə əminliyini ifadə edib.

Dialoq Tərəfdaşı statusunun Azərbaycan və Təşkilat üçün faydalı olduğunu deyən Nazir Azərbaycanın daha da yüksək səviyyədə əməkdaşlıqda əzmli olduğunu deyib.

Nazir bir daha vurğulayıb ki, terrorizm, separatizm və ekstremizm kimi müasir dünyanı narahat edən təhlükələrə qarşı birgə səylərlə mübarizənin aparılması zəruridir.

Baş katib Rəşid Alimov Memorundumun imzalanmasının təqdirəlayiq hal olduğunu deyərək, bu sənəd əsasında mövcud mexanizmlərə uyğun olaraq hərtərəfli əməkdaşlığın inkişaf edəcəyinə əminliyini bildirib.

Görüşün sonunda nazir E.Məmmədyarov tərəfindən Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə Bakının ecazkar mənzərəsini əks etdirən rəsm əsərini hədiyyə edib.

İmzalanma mərasimində Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Türkiyə, Qazaxıstan, Özbəkistan, Monqolustan, Tacikistan, Kambocanın səfirləri və İran İslam Respublikasının müvəqqəti işlər vəkili iştirak ediblər.

Anlaşma memorandumuna əsasən Azərbaycan Respublikası və Şanxay Əməkdaşlıq Təşkilatı arasında regional sabitlik və təhlükəsizliyin təşviqi, terrorizm, ekstremizm, separatizm, narkotik maddələrin qanunsuz istehsalı və dövriyyəsi, kiber cinayətkarlığa qarşı mübarizə, ticarət, sərmayələr, energetika, telekommunikasiya, kənd-təsərrüfatı, trans-regional multi-modal nəqliyyat, mədəniyyət, elm, təhsil və turizm kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO