Azərbaycan və Türkiyə arasında hüquqi əlaqələr inkişaf edir

Azərbaycan və Türkiyə arasında hüquqi əlaqələr inkişaf edirAprelin 18-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin Ali Məhkəməsinin sədri İsmail Rüştü Ciritin rəhbərlik etdiyi tərkibinə, həmçinin Türkiyənin Baş prokuroru Mehmet Akarçanın və Ədliyyə Akademiyasının rektoru Yılmaz Akçilin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərini vurğulayan nazir bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini, dövlət və hökumət başçılarının müntəzəm qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb. Nazir son vaxtlar Türkiyədə baş vermiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib, ölkələrimizin ikitərəfli səviyyədə səmərəli əməkdaşlığını, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birinə dəstək olduğunu vurğulayıb.

F.Məmmədov zəngin müqavilə bazasına söykənən hüquqi əlaqələrin inkişafından məmnunluğu ifadə edib, iki ölkənin Ədliyyə nazirlikləri və Ədliyyə akademiyaları arasında imzalanmış əməkdaşlığa dair sənədlərin ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə əlavə şərait yaratdığını bildirib.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ədliyyə və məhkəmə islahatları barədə ətraflı məlumat verilib, hakimlərin Avropada ən şəffaf seçiminə, onların tədrisinə toxunularaq qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə bütün hakimliyə namizədlərin Türkiyədə təmənnasız nəzəri və praktiki təlimlər keçdiyi təqdir olunub.

Xalqlarımızın qəlbən bir-birinə bağlı olduğunu, dostluq və qardaşlıq, əməkdaşlıq münasibətlərimizin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ideyalarına uyğun bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyən İ.R.Cirit Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Türkiyəyə səfərini və dövlət başçılarının keçirdiyi ikitərəfli səmimi və isti görüşünü xatırladıb, Azərbaycanda olmağından məmnunluğunu ifadə edərək səfər zamanı ölkəmizin hərtərəfli tərəqqisinin, o cümlədən məhkəmə-hüquq sistemində əldə etdiyi nailiyyətlərin şahidi olduğunu vurğulayıb. Qonaqlar məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlara böyük maraq göstərərək qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi arzusunda olduğunu söyləyib, yaxşı təcrübələrin mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd ediblər.

Türkiyə Ali Məhkəməsinin sədri bir müddət öncə Dağlıq Qarabağda qoşunların təmas xəttində Ermənistanın təxribatının qarşısının alınmasında Azərbaycan Ordusunun zəfərləri münasibətilə təbrik edib, baş vermiş hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib və bu münaqişənin həllində Türkiyənin dəstəyini ifadə edib.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, o cümlədən elektron məhkəmənin tətbiqi və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun da iştirak edib.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO