Azərbaycan və Hindistan protokol imzaladılar

Azərbaycan və Hindistan protokol imzaladılarXarici işlər nazirinin müavini Xələf Xələfov Hindistanın Azərbaycandakı səfiri Sancay Rananı qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, X.Xələfov Azərbaycan və Hindistan arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdiyini bildirdi və bu ilin aprel ayında keçirilməsi nəzərdə tutulan hökumətlərarası komissiyanın iclasının ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə etdi.

Parlament diplomatiyasının inkişafının vacibliyinə toxunan nazir müavini Hindistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasını yüksək qiymətləndirdi.

X.Xələfov energetika sahəsində əməkdaşlığın inkişaf etdiyini qeyd edərək, Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırdı. O, həmçinin Cənub-Şərqi Asiyadan Avropaya yükdaşımaları daha da asanlaşdıracaq Şərq-Qərb nəqliyyat dəhlizi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə istifadəyə veriləcəyi barədə məlumat verdi və bu layihəyə İpək Yolu boyunca yerləşən dövlətlərin xüsusi maraq göstərdiyini əlavə etdi.

İkitərəfli münasibətlərin daha da inkişafı üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyini bildirən S.Rana hazırda bir çox sahələr üzrə müqavilələrin layihələri üzərində iş getdiyini və yaxın gələcəkdə hüquqi sənədlərin imzalanacağına ümidvar olduğunu bildirdi.

Səfir ölkəsinin Şimal-Cənub nəqliyyat dəhlizini dəstəklədiyini və bu layihənin sürətləndirilməsi və həyata keçirilməsi istiqamətində Azərbaycanın gördüyü işləri alqışladığını diqqətə çatdırdı.

Görüşün sonunda nazir müavini X.Xələfov və səfir S.Rana “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında Müqavilənin ratifikasiyası fərmanlarının mübadiləsi haqqında” Protokolu imzaladılar. Qeyd olunan Müqavilənin 27-ci maddəsinə uyğun olaraq 29 fevral 2016-cı il tarixindən qüvvəyə mindiyi və Müqavilənin hər iki ölkə arasında mülki və ticarət işlərində qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın inkişafı üçün şərait yaratdığı vurğulandı.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO