Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri birgə bəyanat imzalayıblar

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri birgə bəyanat imzalayıblarTbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunları üzrə birgə bəyannamə imzalanıb. Trend-in məlumatına görə, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində deyilir.

Gürcüstanin xarici işlər naziri cənab Mixeil Canelidzenin dəvəti ilə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlunun iştirakı ilə 19 fevral 2016-cı il tarixində Gürcüstanın paytaxtı Tiflisdə üç ölkənin xarici işlər nazirlərinin Beşinci Üçtərəfli Görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, üçtərəfli görüşünün yekunları üzrə imzalanan Tiflis bəyannaməsində deyilir:

Nazirlər üçtərəfli formatda müntəzəm görüşlərin keçirilməsindən məmnunluq ifadə etdilər və regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi naminə bölüşdükləri niyyətlərini bir daha qeyd etdilər.

Üç ölkə arasında yüksək səviyyəli ikitərəfli və üçtərəfli əlaqələri alqışladılar və strateji tərəfdaşlıq və siyasi dialoqun, eləcə də regional layihələrin həyata keçirməsində strateji əməkdaşlığın dərinləşdirilməsinə dair əzmlərini bir daha qeyd etdilər.

Xarici işlər nazirlərinin əvvəlki Üçtərəfli Görüşlərində qəbul olunmuş Trabzon Bəyannaməsi, Batumi Birgə Kommünikesi, Gəncə və Qars Bəyannamələrindəki öhdəliklərinə sadiqliklərini vurğuladılar.

17-18 fevral 2016-cı il tarixlərində müvafiq olaraq Ankara və Diyarbəkrdə törədilmiş, mülki əhali və hərbi qulluqçuları hədəfə almış 35-dən çox insanın ölümü, çoxsaylı insanın yaralanması ilə nəticələnmiş dəhşətli terror hücumlarını ən ağır sözlərlə mühakimə etdilər və bir daha terrorizmin əsl mahiyyətini ifşa etdilər. Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Türkiyə ilə sarsılmaz həmrəyliklərini bir daha təsdiq etdilər, türk xalqına dərin başsağlığı verdilər və terror hədəsi ilə mübarizədə Türkiyə ilə möhkəm tərəfdaşlıqlarını bir daha qeyd etdilər.

Vurğuladılar ki, regionda mövcud olan münaqişələr sülh, sabitlik və iqtisadi inkişafa mane olur və beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında dinc yolla həll olunmasını tələb edir.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf ərazilərindəki münaqişənin, Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya regionundakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, eləcə də BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamə və qərarlarına müvafiq olaraq ən tez bir müddətdə sülh yolu ilə nizamlanmasının əlahiddə vacibliyini bir daha qeyd etdilər.

İqtisadiyyat nazirlərinin dördüncü görüşü və 6 mart 2015-ci il tarixində Batumidə keçirilmiş Üçtərəfli İşgüzar Forum, 2 aprel və 17 dekabr 2015-ci il tarixlərində müvafiq olaraq Tbilisi və İstanbulda keçirilmiş Müdafiə nazirlərinin ikinci və üçüncü görüşləri və 5 may 2015-ci il tarixində Ankarada keçirilmiş Silahlı Qüvvələrin Baş Qərargah rəislərinin görüşündən məmnunluq ifadə etdilər.

Enerji sahəsində uğurlu əməkdaşlığı vurğuladılar. Bu xüsusda, 12 fevral 2015-ci il tarixində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci görüşünü, 17 mart 2015-ci il tarixində Qarsda keçirilmiş “Trans-Anadolu Qaz boru kəməri”nin (TANAP) təməl qoyma mərasimini alqışladılar və Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi, eləcə də Xəzər dənizi hövzəsindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə qərb bazarlarına karbohidrat ehtiyatlarının nəqlini nəzərdə tutan digər layihələrə tam dəstəklərini ifadə etdilər. Onlar cəlb olunan bütün ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsində bu layihələrin həlledici rolunu vurğuladılar.

Nəqliyyat, enerji, ticarət sahələrində və “İpək Yolu” marşrutu üzrə insanlararası əlaqələrin yaradılmasında əməkdaşlığı daha da gücləndirəcək tarixi “İpək Yolu”nun bərpa olunmasında üç ölkənin xüsusi rolunu vurğuladılar və 15-16 oktyabr 2015-ci il tarixlərində Tbilisi İpək Yolu Forumunun uğurlu təşkilini alqışladılar.

Asiya və Avropa arasında rəqabətli nəqliyyat daşımalarının asanlaşdırılmasında Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətli rolunu vurğuladılar, 2015-ci ildə dəmir yolunun Gürcüstan hissəsinin uğurlu sınağını məmnunluqla qeyd etdilər və Bakı-Tbilisi-Qars dəmir yolunun ən qısa müddətdə fəaliyyətə başlamasının böyük əhəmiyyətini bir daha qeyd etdilər. Bu xüsusda, 12 fevral 2016-cı il tarixində Tbilisidə keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Əlaqələndirmə Şurasının üçtərəfli Nazirlər görüşündəki məhsuldar məsləhətləşmələri alqışladılar.

2015-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya çatan “İpək Yolu” marşrutu üzrə Çindən ilk tranzit konteyner qatarının keçməsini alqışladılar və multi-modal imkanlara malik trans-regional infrastrukturun inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar.

Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələrindən keçməklə, Qara dəniz və Xəzər dənizi vasitəsilə Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb/Orta nəqliyyat dəhlizinin əhəmiyyətini vurğuladılar (dəmir yolu və avtomobil nəqliyyatına dair birgə layihələrin reallaşdırılması və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və Anakliyadakı “Yeni Dərin Dəniz Limanı”, eləcə də Türkiyənin Qara dəniz sahillərində yerləşən dəniz limanlarının inkişaf etdirilməsi xüsusi olaraq qeyd edildi).

Ticarət dövriyyəsi, üç ölkədən keçən yuxarıda adı qeyd olunmuş nəqliyyat dəhlizinin rəqabətliliyi və cəlbediciliyini artırmaq məqsədilə tariflərin yüksək əhəmiyyətini vurğuladılar.

İştirakçı, həmçinin digər əlaqəli ölkələr üçün əsas olan nəqliyyat və neft-qaz infrastrukturunun davamlı, sabit və təhlükəsiz inkişafının təmin edilməsinin böyük əhəmiyyətini vurğuladılar.

Nəqliyyat dəhlizinin rəqabətliliyinin artırılması və onun beynəlxalq səviyyədə birgə təşviq edilməsi məqsədilə üç ölkənin müvafiq dövlət qurumlarının üçtərəfli görüşlərinin keçirilməsinin vacibliyini vurğuladılar.

Üç ölkənin özəl sektoru üçün Gürcüstan-Aİ AA/DCFTA tərəfindən təqdim olunan imkanları qeyd etdilər.

2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində üçtərəfli layihələrin həyata keçirilməsiniqiymətləndirdilər və turizm, enerji, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, humanitar,gənclər və idman sahələrində sahəvi əməkdaşlığın mövcud potensialından tam istifadənin vacibliyini vurğuladılar,

Üç ölkənin dövlət institutları və özəl sektorunun iştırakı ilə enerji, nəqliyyat, turizm və digər qarşılıqlı maraq kəsb edən tematik üçtərəfli biznes forumlar təşkil etmək üçün müvafiq nazirliklərə tövsiyə vermək barədə razılığa gəldilər.

Qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair üçtərəfli dialoqu daha da genişləndirmək, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanı gücləndirmək üçün qətiliklərini yenidən təsdiq etdilər.

Növbəti görüşün 2016-cı ildə Azərbaycanda keçirilməsini qərara aldılar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO