Azərbaycan Prezidentinin qələbə əzmli döyüş ruhu…

Azərbaycan Prezidentinin qələbə əzmli döyüş ruhu...Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağda və Ermənistanla həmsərhəd rayonlarda son bir neçə gündə Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar cəmiyyətin bütün təbəqələri arasında böyük ruh yüksəkliyi yaradıb.

Danılmaz bir faktdır ki, bu gün bütün əhali, yaşından, inancından, siyasi əqidəsindən asılı olmayaraq keçirilən əməliyyatları müsbət qarşılayır və qələbə kimi təbriklərlə qeyd edirlər, bütün şəhidlərimizə rəhmət diləyərək, onların ruhları qarşısında baş əyirlər.

Bir neçə günün tarixinə nəzər salanda görünür ki, son vaxtlar Ermənistanın azğınlaşan təcavüzkar silahlı birləşmələri Dağlıq Qarabağ ərazisində və ümumiyyətlə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyəti kifayət qədər gərginləşdirdilər.

Aqressivləşən düşmən dinc əhalini belə hədəf seçməkdən çəkinmədi. Onlar yaşayış məntəqələrimizi artilleriya qurğularından, minaatanlardan və iriçaplı silahlardan atəşə tutdular.

KTMT-nin üzvü olmaq bəhanələri, öz havadarlarının köməklərinə hesabladıqları təcavüz siyasətini əldə bayraq edən ermənilər Azərbaycan Ordusunun rəşadəti, hünəri və qələbə əzmi, şəhidlərimizin qəhrəmanlığı nəticəsində geri şəkilməyə məcbur edildilər və rəhbərliklərinin gizlətməklərinə baxmayaraq, strateji mövqeləri itirməklə, çoxsaylı canlı qüvvə və texnikadan itkiyə məruz qalaraq qaçmağa üz tutdular.

Aprelin 2-də hərbi əməliyyatlarla bağlı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda Azərbaycan Prezidenti daima Azərbaycan xalqı ilə, onun xoş günündə olduğu kimi, ağrılı-acılı günlərində də bir yerdə olduğunu bir daha sübut etdi.

Cənab Prezident öz çıxışında bildirdi ki, “Aparılan hərbi əməliyyat nəticəsində, – onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat erməni təxribatına cavab olaraq aparılmışdır, – biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq”.

Prezidentin bu sözləri Vətən üçün canından, qanından keçməyə hazır olan hər bir Azərbaycan vətəndaşına verilən, Milli Ordumuza verilən yüksək qiymədir. Məhz bu yüksək qiymətə görə, bu gün silah tutmağı bacaran hər bir Azərbaycan vətəndaşı döyüşməyə, təcavüzkarı Vətənimizdən qovmağa hazırdır. İlham Əliyevin döyüş ruhu, qələbə əzmkarlığı bu fikirlərdə öz əksini tapır.

Prezidentin çıxışında bir məqama da nəzər salsaq görərik ki, bu sözlər Vətənini sevən, qələbəni səbrsizliklə gözləyən Ali Baş komandanın dilindən çıxan sözlərdir: “Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm.”

Bu sözlər döğrudan da hər bir azərbaycanlının, ölkəmizin bütün vətəndaşlarının, xaricdə yaşayan həmyerlilərimizin ürəyindən gələn və gözlədiyi ən şərəfli, layiqli sözlərdir. Azərbaycan Prezidentinin çıxışında səslənən bu çağırışlar onun qələbə əzmkarlığından, döyüş ruhundan xəbər verən kəlmələrdir. Bu sözlər Azərbaycanla razılaşmaq istəməyən qara qüvvələrə, antiazərbaycan mövqeyində duran qurumlara çox ciddi bir mesajdır.

İlham Əliyev öz çıxışında bir daha bu məsələyə qayıtdı: “Mən bir daha demək istəyirəm ki, Azərbaycanın prinsipial mövqeyi var. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur”.

Bu məqam isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin prinsipial, “Torpaq əgər uğrunda ölən varsa, Vətəndir” məhfumunu bir daha gündəmə gətirən, qələbə əzmkarlığını, döyüş ruhunu, mövqeyini əks etdirən çağırışlardır və hər bir Azərbaycan vətəndaşı bununla qürur hissi duyur və fəxarət hissi keçirir.
Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO