Azərbaycan Konqreslər Bürosunun ilk tədbiri keçirilib

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun “Açıq qapı” tədbiri keçilib.

Trend-in məlumatına görə, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycanda turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Büronun ilk dəfə keçirdiyi tədbirin məqsədi iştirakçıları Büronun fəaliyyəti, məqsəd və hədəfləri ilə daha yaxından tanış etməkdir. Tədbirdə həmçinin Büroya üzv olmaq istəyən şirkət və mehmanxanalara və turizm bazarının digər iştirakçılarına Büroya üzvlüyün açacağı imkanlar barədə ətraflı məlumat verilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Konqreslər Bürosu Azərbaycanda turizmin inkişafına böyük təkan verməkdədir.

Onun sözlərinə görə, Büro bir ildir fəaliyyət göstərsə də, bir neçə beynəlxalq sərgidə iştirak edib: “Azərbaycanda bu cür təşkilatın formalaşmağı olduqca vacibdir. Biz maraqlıyıq ki, Azərbaycanda bu cür təşkilatlar fəaliyyət göstərsin və turistlərin sayının artmasında öz töhfəsini versin”.

Ə.Qarayev əlavə edib ki, Azərbaycan beynəlxalq konfranslar keçirməkdə maraqlıdır: “Konfranslarda iştirak etmək üçün Azərbaycana gələnlərin adam başına düşən xərcləri adi turistlərdən iki dəfə çoxdur. Məsələn, fərz edək, 100 nəfər turist Azərbaycana gəlib, hərəsi 500 manat xərcləyir. Bu pul dövriyyədə qalır. Ona görə də biz konfransları keçirməkdə çox maraqlıyıq”.

Daha sonra çıxış edən Konqreslər Bürosunun icraçı direktoru Florian Senqşmit Büronun bir illik fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, Büro Azərbaycanın turizm potensialının təqdim edilməsində böyük rol oynayıb.

Qeyd edək ki, Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

Büronun əsas hədəflərindən biri yüksək peşəkarlığı və rəqabətədavamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı yaratmaq və inkişaf etdirməkdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO