“Azərbaycan Dəmir Yolları “nda dini məsələlər müzakirə edilib

“Azərbaycanda dininə, inancına görə hansısa insanın sıxışdırıldığını görə bilmərik”. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan Dəmir Yolları” QSC-də “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilən konfransda bildirib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşunda yerləşən Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsi ola bilər.

Onun sözlərinə görə, Bakının Binəqədi rayonunda tikilmiş Heydər məscidinin son dövrlər müsəlman ölkələrində tikilən məscidlər içində dizaynı və quruluşuna görə analoqu yoxdur. Postsovet, müsəlman ölkələrində əvəzolunmaz məsciddir.

Komitə sədrinin fikrincə, insanlar arasında ayrı-seçkilik və onların sıxışdırılması təhlükəli nəticələrə gətirib çıxara bilər: “Həyat göstərir ki, insanlar mütləq bir araya gəlməlidirlər. Ayrı-ayrı dinlər, mədəniyyətlər arasında qarşıdurma bəşəriyyət üçün təhlükə yarada bilər”.

M.Qurbanlı qeyd edib ki, İslam dini bəşəriyyətin ən qabaqcıl dinlərindən biridir. İslam səmavi dinlər içində ən mükəmməli hesab olunur: “İslam iudaizm, xristianlıqda yol verilmiş qüsurları aradan qaldırdı. Qurani-Kərimdən əvvəl göndərilən kitablarda insanlar özlərindən düzəlişlər etməklə onları təhrif ediblər. Qurani-kərim isə ilk gündən necə gəlibsə, bircə hərfi də təhrif olunmayıb. Bunu digər dinlərin nümayəndələri, alimləri də etiraf edirlər. Elə ölkə tapmaq olmaz ki, orada İslam dininə sitayiş edən insan olmasın. Lakin icma şəklində müsəlmanların yaşadığı ölkələrin sayı 120-yə qədərdir. İslam dininin dövlət səviyyəsində qəbul olunduğu dövlətlərin sayı isə 30-ə qədərdir. Azərbaycanda İslam dini ilə yanaşı, müxtəlif dinlərin nümayəndələri və icmaları fəaliyyət göstərir. Dövlət onların fəaliyyətinə maneçilik törətmir. Azərbaycanda İslam dininin aparıcı din olması rəsmi şəkildə təsbit olunmur. Lakin İslam dininin dəyərlərini daim qorumuşuq”.

Konfransda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin I müavini Qurban Nəzərov bildirib ki, ölkədə milli-mənəvi, İslami dəyərlərin qorunması mühüm əhəmiyyət daşıyır.

O, həmçinin Azərbaycanda dəmir yolları sistemində aparılan və nəzərdə tutulan işlər barədə geniş məlumat verib. Azəbaycanda dəmir yolu, ümumiyyətlə, nəqliyyat sistem Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və lazımi qayğı göstərilir.

Qeyd edək ki, konfransda “Azərbaycan Dəmir Yolları” QSC ilə yanaşı, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin nümayəndələri də iştirak ediblər.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO