Aytən Mustafayeva: Ukraynada azərbaycanlılara qarşı olan müsbət münasibət dəyişməyəcək

Azərbaycanın həm Ukrayna xalqı, həm də dövləti ilə çox yaxşı münasibətləri var. Orada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, azərbaycanlılara qarşı olan müsbət münasibət dəyişməyəcək. Bunu Trend-ə açıqlamasında AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayeva bildirib.

Millət vəkilinin sözlərinə görə, Ukraynada böyük Azərbaycan icması var və onlarla bağlı hər hansı problemin yaşanacağı inandırıcı deyil: “Mən Ukraynadakı azərbaycanlılarla bağlı elə böyük bir problem görmürəm. Təbii ki, Ukraynada siyasi vəziyyət çox gərgindir. Əgər orada müharibə və ya hansısa hərbi proseslər baş versə, biz Ukrayna vətəndaşı olan soydaşlarımızı yalnız bir qonaq kimi qəbul edə bilərik. Orada yaşayan Azərbaycan vətəndaşlarının isə Misir, Suriya və digər ölkələrdə olduğu kimi, lazım gələrsə, evakuasiyası təşkil ediləcək”.

A.Mustafayevanın fikrincə, problem əslində daha çox oradakı azərbaycanlı əmək miqrantlarının sosial müdafiəsi ilə bağlıdır: “Onlar orada fəaliyyətini başa vurduqdan sonra yaşlaşıb Azərbaycana qayıdanda pensiyalarını və s. ala bilməlidirlər. Yəni bütün ömrü boyu işləyib sonra burada aciz qalmasınlar. Bunun üçün dövlətlərarası müqavilələr bağlanması lazımdır ki, onları qoruya bilək”.

İnstitutun direktoru hesab edir ki, Ukraynadakı azərbaycanlı əmək miqrantları Azərbaycana dönəcəyi təqdirdə, bu, ölkədə hər hansı sosial gərginliyə səbəb olmayacaq: “Bəzən Rusiya bizi əmək miqrantlarının Azərbaycana qaytarılması ilə şantaj edir. Mən hesab etmirəm ki, Azərbaycan bunun öhdəsindən gələ bilməyəcək. Azərbaycan artıq 20 ildən çoxdur ki, 1 miyondan artıq qaçqın və məcburi köçkünün həm yerləşməsi, həm də sosial təminatını həyata keçirə bilir. Bizim artıq belə bir təcrübəmiz var. Ancaq mən inanıram ki, belə hallar Ukraynada baş verməyəcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO