Avtomobil etibarnamələrinin ləğvi məsələsində maraqlı problemlər ortaya çıxır

Xəbər verildiyi kimi, bir qrup deputatın təşəbbüsü ilə Azərbaycanda avtomobil etibarnamələri ləğv olunacaq sadələşdirilmiş müqavilələrlə əvəz oluna bilər. Bununla bağlı “Yol hərəkəti haqqında” Qanuna və zərurət yarandığı halda Mülki Məcəlləyə müvafiq dəyişikliklərin edilməsi gözlənir. Yəni avtomobil sahibi artıq birtərəfli etibarnamə aktı vasitəsilə yox, sadə ikitərəfli müqavilə ilə əmlakını etibar edə biləcək.

Dəyişikliklər qəbul olunarsa, yeni müxtəlif müddəaların olması da gözlənir. Dəyişiklik zamanı ola bilər ki, ümumiyyətlə, etibarnamələri heç bir sənəd əvəz etməsin. Məsələn, mülkiyyətçi avtomobilinin oğurlanması və yaxud qaçırılması barədə hüquq-mühafizə orqanlarına məlumat verməyibsə, həmin avtomobil hər hansı başqa bir şəxs tərəfindən idarə olunursa, bu artıq sahibi tərəfindən ona müvəqqəti verilməsi kimi qəbul olunacaq. Burada yeganə şərt mülkiyyətçinin avtomobili sürücülük vəsiqəsi olana verməsidir. Digər variantlarda isə etibarnamələrin sadələşdirilmiş, polis bölməsində qeydiyyata ehtiyacı olmayan müqavilələrlə əvəz olunması təklif olunur.

Təkliflərin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənir. Qeyd edək ki, bu qayda artıq Rusiyada tətbiq olunub.

Düzdür, avtomobil etibarnamələrinin ləğv olunub sadələşdirilmiş müqavilələrlə əvəz olunmasının prosedur baxımından müsbət tərəfləri var. Ancaq nəzərə almaq lazımdır ki, etibarnamələrə görə müəyyən rüsum ödənilir və həmin ödənişlər dövlət büdcəsinə daxil olur. Etibarnamə ikitərəfli müqavilə ilə əvəz olunacaqsa, o zaman dövlət büdcəsinə vasait daxil olmayacaq. Nəticədə büdcə bundan itirəcək. Bu və digər məsələlər baxımından mütəxəssislər təklif olunan yeniliklərə necə yanaşır?

Sözügedən məsələni dəyərləndirən “Təhlükəsiz Yol” Alyansının koordinatoru Şahin Camalov təklif olunan yeniliklərə birmənalı yanaşmadı. Onun sözlərinə görə, etibarnamələrin ləğv olunmasından dövlət büdcəsi o qədər də böyük vəsait itirməyəcək: “Çünki buna görə dövlət büdcəsinə ödənilən məbləğ elə də böyük vəsait deyil. Yəni bu elə də böyük məbləğ deyil ki, dövlətin inkişafına mənfi təsir göstərsin. Ancaq burada bir başqa məsələ var ki, onu xüsusi diqqətdə saxlamaq lazımdır. Məsələ ondadır ki, etibarnaməni ləğv edib bununla bağlı daha mütərəqqi mexanizm irəli sürmək olardı. Məsələn, ümumiyyətlə, etibarnamənin notarial qaydada verilməsini ləğv etmək olar. Rusiyada belədir ki, bunu istəyən özü yazılı kağız verir və sözügedən məsələ tənzimlənir. Yaxşı olardı ki, baş etibarnamə ləğv edilsin və bunun əvəzinə avtomobilin digər birinin adına keçirilməsi mexanizmi sadələşdirilsin. Yəni vətəndaş maşın alanda baş etibarnamənin alınmasına ehtiyac olmasın. Sadəcə, gedib avtomobili öz adına keçirsin və bununla da məsələ öz həllini tapsın. Belə olsa, o zaman yeni qayda qarşıya çıxan bir sıra problemlərin aradan qaldırılmasına gətirib çıxaracaq.

Yoxsa, etibarnaməni ləğv edib, müqaviləyə keçməklə problemi həll etmək olmaz. Əksinə, problem bir az da qəlizləşəcək. Biz bu sahədə mövcud olan problemləri həll etmək istəyiriksə, daha loyal mexanizmlər seçməliyik.

Sözügedən məsələdə ən uyğun variant baş etibarnamələrin ləğv olunmasıdır. Həmçinin, etibarnamələrin daha sadələşdirilmiş və notarial qaydalar olmadan verilməsi forması da optimal variant sayıla bilər. Bu, problemin həllində daha uyğun variant olar, nəinki ayrıca müqavilə bağlamaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO