Avropanın Ermənistan qara düyməsinin “kəraməti “

Mətanət Əliyeva-Trend:

Ermənistanı etiraz dalğaları bürüyüb. İnsanlar sosial problemlərin ağırlığına dözə bilməyərək Yerevanın küçələrinə çıxıblar. Qafqazın bu ölkəsində ictimai-siyasi sabitlik, insan haqları kütləvi şəkildə pozulub.

Sözügedən hal dünyanın irili-xırdalı, inkişaf etmiş və ya inkişafdan geri qalmış bütün ölkələrində baş verə bilər. Təbiidir. Çünki istənilən ölkədə sosial problemlər mövcud ola bilər və mən Ermənistanda bu proseslərin baş verməsində qeyri-adi heç nə görmürəm. Ola bilər yəni. Amma…

Amma məsələ burasındadır ki, bütün dünyaya gur səslə demokratiya yaydığını iddia edən Qərb və Avropa Ermənistanı sanki görmür. Görmürlər heç nəyi elə bil, bu ölkədə baş verənlər haqqında heç nə eşitmirlər. Yəni “xəbərsizdirlər” Yerevanda olub-bitənlərdən.

Qafqazda yaşayan xalqlara münasibətdə daima ikili standartlarla yanaşan Avropa demokratları Ermənistanda dinc insanlara qarşı törədilən haqsızlıqlardan danışmırlar. Aparıcı Avropa media qurumları isə nədənsə, Ermənistanda insan haqları ilə bağlı son günlərdə yaşanan problemləri işıqlandırmırlar. Bu barədə susurlar. Sanki bir görünməz əlin işarəsi ilə bütün Avropa mediasına “Susun!” göstərişi verilib. Avropalı jurnalistlərə isə Ermənistandakı proseslərdən yazmamaları, bu barədə danışmamaları ilə əlaqədar sanki görünməz bir əl qara düyməyə basıb.

Dünyada insan haqları ilə bağlı problemlərin mövcudluğundan daima ağız dolusu danışan, bar-bar bağıran aparıcı Avropa media qurumları, insan haqları ilə məşğul olan beynəlxalq təşkilatlar nə sirdirsə, nə kəramətdirsə, indi lal olub, susublar. “CNN”, “BBC”, “Guardian”, “Independent”, “Amnesty International”, “HRW”, “Freedom House” və başqaları, bu sıranı uzada da bilərik, ağızlarına su alıb danışmırlar. Maraqlıdır, niyə?

Çünki maraq dairələrində deyil bu barədə danışmaq. Bəli, məhz Ermənistanda bu gün baş verənlər haqqında danışmaq, bu ölkədə insan haqları, demokratiya ilə bağlı məsələləri gündəmə gətirmək Avropanın maraqları ilə daban-dabana ziddiyyət təşkil edir. Bu açıq-aydın ikili standartın göstəricisidir.

Qərb və Avropa Ermənistanın başına “sığal” çəkə-çəkə, müxtəlif qeyri-qanuni yollarla ermənilərə maliyyə verərək himayəsində saxlamaqla Qafqazda demokratiyanın mövcud olmamasına şərait yaradır. Budur Qərbin və Avropanın saxta diplomatiyası. Çünki Ermənistan müsəlman ölkəsi deyil. Çünki Qərb və Avropa Qafqazda müsəlman ölkə olan Azərbaycanın inkişaf etməsini istəmir. Bu, yeri gəldikdə onların Azərbaycanla diktə dilində danışmalarına mane olur. Öz ayaqları üzərində dayana bilən, tərəqqi edən, başqalarının maliyyə yardımına ehtiyacı olmayan bir ölkə ilə istədiyin kimi danışmaq bir az çətin olur. Bunu biz bilirik. Sizin də məhz bildiyiniz üçün bu oyunları oynadığınızın fərqindəyik.

Azərbaycan müstəqillik qazandıqdan sonra məruz qaldığı Ermənistanın işğalı ilə paralel olaraq nə yazıq ki, Avropanın və Qərbin ikili standartları ilə də daima üz-üzə qalmalı olub. Bu, çox təəssüflə qeyd edirəm ki, indiyə qədər də davam edir.

Siz avropalılar nə qədər üzdə bəzəkli saxta danışıb, pərdə arxasında bildiklərinizi etsəniz də, hər şey gün kimi ortadadır. Kor-kor, gör-gördür. Görünən dağa bələdçi lazım deyil.

Əgər ədalətlisinizsə, buyurun Ermənistandan da danışın, hesabatlar tərtib edin, təzyiqlər göstərin ki, məmləkətinizdə demokratiya boğulur, insan haqları ilə bağlı problemləriniz mövcuddur. Necə ki, bunu başqa ölkələrlə edirsiniz. Buyurun, Sizi dinləyirik. Əgər doğrudan da, ədalətlisinizsə. Söz Sizindir, hörmətli avroplaı peşəkar, obyektiv informasiya daşıyıcıları olan həmkarlar..

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO