Avropa Azərbaycanlıları Konqresi azərbaycanlıların soyqırımı ilə bağlı müraciət yayıb

Avropa Azərbaycanlıları Konqresi azərbaycanlıların soyqırımı ilə bağlı müraciət yayıbAvropa Azərbaycanlıları Konqresi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa Parlamentinin İnsan Hüqüqları idarəsinə, Avropanın müxtəlif ictimai-siyasi qurumlarına, hökümət və qeyri-hökümət təşkilatlarına müraciət ünvanlayıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Alman və ingilis dilində yayımlanan müraciətdə 98 il bundan əvvəl 1918-ci il mart-aprel aylarında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım haqqında ətraflı məlumat verilib və bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə 1998-ci ildən 31 mart tarixi Azərbaycanda Soyqırım günü kimi qeyd olunur.

Müraciətdə Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti, eləcə də Qərbi Azərbaycan ərazilərində qəbiristanlıqların, tariхi və mədəni abidələrin, məktəb, хəstəхana və digər binaların ermənilər tərəfindən darmadağın edilməsinə dair məlumat verilib.

Açıqlamada bildirilib ki, 1918-ci il mart soyqırımından 98 il keçməsinə baxmayaraq erməni millətçilərinin törətdikləri bu aktlar hələ də öz hüquqi qiymətini almayıb. Cəzasızlıq erməni millətçilərini Azərbaycan xalqına qarşı yeni soyqırımlar törətməyə ruhlandırıb və 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələri Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutub.

Müraciətdə dünya ictimaiyyətindən Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət vermək tələb edilib və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməyə, soyqırımını dövlət siyasətinə çevirən Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarına biganə yanaşmamağa çağırılıb.

Müraciətdə dünya ictimaiyyətinin və nüfuzlu qurumların Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsi üçün bütün imkanlarını səfərbər edəcəyinə ümid edildiyi vurğulanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO