AŞPA-nın üzvü “Dövlətqaçqınkom “da olub

Bu gün AŞPA-nın bosniya və hersoqovinalı üzvü (parlament üzvü) xanım Miliça Markoviç və AŞPA-da Bosniya və Hersoqovina nümayəndə heyətinin katibi xanım Sevda Valjevcic Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadovla görüşüblər. SİA-nın verdiyi məlumata görə, vaxt tapıb ölkəmizin bir saylı problemi ilə daha yaxından tanış olmaq üçün görüşə gəldiklərinə görə, AŞPA üzvlərinə təşəkkürünü bildirən Gəray Fərhadov xəritə üzərində qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və yaranma səbəbləri, bu münaqişə nəticəsində bir milyondan çox soydaşımızın Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, onların ağır sosial durumu və Azərbaycan dövlətinin bu sahədə gördüyü tədbirlər barədə hərtərəfli məlumat verib.

Gəray Fərhadov münaqişənin dinc yolla həlli istiqamətində danışıqlar aparılması ilə bağlı Azərbaycan tərəfinin konstruktiv səylərinə baxmayaraq, Ermənistanın müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırdığını qeyd edib, işğal altındakı ərazilərdə Azərbaycan xalqına məxsus tarixi abidələrin, mədəniyyət və incəsənət əsərlərinin, təbii sərvətlərin ermənilər tərəfindən məhv edilməsindən və mənimsənilməsindən söhbət açıb. Azərbaycanın münaqişənin sülh yolla həllinə səy göstərməsinə diqqət çəkən natiq bunun dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini xüsusi vurğulayıb, işğal altındakı Azərbaycan ərazilərinin tezliklə azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarını Ermənistan tərəfinin saya salmadığını qeyd edib.

O, qeyd edib ki, bu soydaşlarımız üçün hərtərəfli şərait yaradılmasına baxmayaraq onların bir arzu, istəkləri vardır: doğma torpaqlarına qayıtmaq!

Məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tapşırıqları əsasında ölkənin ayrı-ayrı şəhər və rayonlarında 82 müasir qəsəbə salınıb, 180 mindən çox soydaşımız yeni evlərə köçürülüb, təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilib, müvafiq infrastruktur yaradılıb. Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə hərtərəfli, dolğun məlumata görə minnətdarlıqlarını ifadə edən qonaqlar bu cür səfər və görüşlərin əhəmiyyətindən söz açaraq bildiriblər ki, bu səfər istər regionun geosiyasi vəziyyətinə, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkün probleminə və onun həlli yollarına dair hərtərəfli məlumatların əldə edilməsi üçün geniş imkanlar yaradıb ki, sizin verdiyiniz hərtərəfli məlumatlardan biz bu imkanı əldə etdik. Görüşdə qonaqları maraqlandıran suallara da hərtərəfli cavab verilib.

Sonra qonaqlar Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllədə olub. Məhəllə ilə tanış olan parlament üzvünün diqqətinə çatdırılıb ki, buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası, poçt şöbəsi və iki çıxışlı yanğınsöndürmə deposu da tikilib. Qonaqlar Ağdam rayonundan olan məcburi köçkün Nazilə Tağıyevanın evində çay süfrəsinə qonaq edilib. Öz doğma yurd-yuvalarına dönmək arzusunda olduqlarını dilə gətirən məcburi köçkün N.Tağıyeva onlar üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Qonaq məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəb ilə də tanış olub. Məlumat verilib ki, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Qonaqlara “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı, münaqişədən bəhs edən filmin diski təqdim edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO