AŞPA-nın “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” üzrə məruzəçisi Robert Volter bəyanat verdi

AŞPA-nın “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” üzrə məruzəçisi Robert Volter bəyanat verdiDünən, 01 sentyabr 2015-ci il tarixində Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər və Demokratiya Komitəsinin iclası keçirilmişdir. İclasda iştirak edən Komitənin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” üzrə məruzəçisi cənab Robert Volter çıxış edərək məruzənin hazırlanmasına Ermənistan tərəfinin maneə yaratdığını və məhz bu səbəbdən məruzənin 1 sentyabr iclasında təqdimatının mümkün olmamasını bəyan etmişdir. O, bildirmişdir ki, AŞPA-nın cəhdlərinə və onun çoxsaylı təkidlərinə baxmayaraq, Ermənistan tərəfi məruzəçi ilə əməkdaşlıqdan boyun qaçırır, onun Ermənistana və təmas xəttinə səfərinin təşkil edilməsindən imtina edir, bununla da məruzənin hazırlanmasını əngəlləyirlər. Məruzəçi bəyanatında Azərbaycan tərəfinin əməkdaşlığa açıq olduğunu və müraciəti əsasında cari ilin mart ayında Azərbaycana səfərinin baş tutduğunu, Bakıda bir sıra görüşlər keçirdiyini qeyd etmişdir. O, həmçinin vurğulamışdır ki, bu günlərdə yenidən Azərbaycan hökümətinə müraciət etmiş, Ermənistan tərəfi əməkdaşlıqdan imtina etdiyi üçün məruzəni hazırlanmaq məqsədilə, təhlükəsizlik şəraitini nəzərə alaraq, Azərbaycan ərazisi tərəfdən təmas xəttinə səfər etmək və ya yaxınlaşmaq imkanı yaradılmasını xahiş etmişdir.
Cənab Robert Volter öz bəyanatında Ermənistan tərəfinin əməkdaşlıq etməkdən imtina etməsinə baxmayaraq, AŞPA-nın 2015-ci il oktyabr sessiyasında və Komitə iclasında öz məruzəsini təqdim etməkdə israrlı olduğunu açıq ifadə etmişdir.
Qeyd etmək istərdim ki, Britaniyalı deputat Robert Volter mənim təqdim etdiyim qətnamə layihəsi əsasında 01 oktyabr 2014-cü il tarixində AŞPA Siyasi Məsələlər və Demokratiya Komitəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusu üzrə məruzəçi təyin olunmuşdur.

Elxan Süleymanov
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

02 sentyabr 2015

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO